Gəncədə qanunsuz tikililər sökülüb

16:34 - 22 İyul 2024 - ÖLKƏ İÇİ

Gəncədə qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etidirlir.

Bu barədə Ucnoqta.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.

Həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin 28 May prospektində dövlət torpağını zəbt etməklə tikintisi aparılan qeyri-yaşayış sahəsində işlər dayandırılaraq, söküntüsü təmin edilib. Bununla yanaşı, F.Həsənov küçəsində müvafiq icazəverici sənədləri olmadan həyət qapısının quraşdırılmasının qarşısı alınıb. Yeni Gəncə yaşayış massivində yerləşən 31 nömrəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində quraşdırılan talvar da, qeyri-qanuni olduğu üçün sökülüb.

Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Xəbər xətti