Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi yekunlaşır - VİDEO

16:45 - 11 İyul 2024 - ÖLKƏ İÇİ

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər davam etdirilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, bu çərçivədə Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 19-cu km-dən ayrılan  Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu layihəsinin icrası son mərhələdə olmaqla davam edir. 
 
Uzunluğu 26.4 kilometr olan torpaq əsaslı avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən texnoloji ardıcıllığa uyğun şəkildə aparılan işlər çərçivəsində yola yeni asfalt örtüyünün vurulması işləri yekunlaşıb. Hazırda layihə üzrə yol çiyinlərinin tikintisi işləri aparılır. 
 
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunub.
 
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.


Xəbər xətti