Quba rayonunda aztəminatlı şəxslərə hüquqi konsultasiya xidməti göstərilib.
Ucnoqta.az xəbər verir ki, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsləhətçisi Natiq Lahicov, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Əhməd Nurullayev və Quba Regional QHT–lərin Təlim Resurs Mərkəzinin direktoru Eynulla Xeyrullayev iştirak edib.
Həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verən layihə rəhbəri Xalid Kazımov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihə Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarının ərazisini əhatə edir. Layihənin əsas məqsədi Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarında yaşayan müharibədən zərər çəkən və digər aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlər) şəxsləri hüquqi maarifləndirmək, pulsuz hüquqi konsultasiya xidməti göstərmək və məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərini həll edərək sosial vəziyyətlərini yaxşılaşdırmaqdır.
Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib.
Tədbir zamanı Quba rayonundan olan 24 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. Müraciətlər əsasən şəhid ailələri və Müharibə veteranlarının torpaq və mənzillə təmin edilməsi, işlə təminat, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməməsi, əlillikdən imtina, işlə təminat, bank kreditlərinin ödənilməsində çətinlik və məhkəmədə müdafiə sənədlərinin hazırlanması ilə bağlı olub.
Görüş zamanı müraciət edən aztəminatlı şəxslərə problemlərinin həlli ilə bağlı hüquqi məsləhət verilib vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.