Saray və Masazırda xeyli sursatlar aşkar edilib - VİDEO

14:41 - 21 İyun 2024 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray və Masazır qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 32 ədəd 7x62 mm-lik mərmi, 180 ədəd 5x45 mm-lik mərmi, 8 ədəd 9 mm-lik mərmi, 1 ədəd 9 mm-lik tapança, 25 ədəd F-1 əl qumbarası, 3 ədəd RQD-5 əl qumbarası və 33 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş 1 ədəd 9 mm-lik tapança aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Xəbər xətti