Talassemiyalı uşaqların pulunu mənimsəməkdə təqsirləndirilən şəxs həbs olundu

18:40 - 29 May 2024 - Cəmiyyət

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aysel Məmmədovanın ev dustaqlığının həbs qətimkan tədbiri ilə dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Prosesdə zərərçəkmiş şəxslərdən - Tural Nəsimiyev, Kamil Əhmədov və Ramil Dadaşov təqsirləndirilən Aysel Məmmədova barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdiriləsi barədə vəsatətlər verib.

Dövlət ittihamçısı məhkəmənin mülahizəsinı buraxıb.

Təqsirləndirilən şəxs Aysel Məmmədovanın vəkili isə vəsatətin təmin edilməməsini istəyib: "İş üzrə Aysel Məmmədovanın 10 epizodda adı çəkilir. 5 epizod üzrə zərərçəkmiş şəxslər pulu şəxsən Aysel Məmmədovaya verib. 5 epizod üzrə isə A. Məmmədovanın iştirakı ilə digər təqsirləndirilən Nuridə Seyidovaya verib".

Təqsirləndirilən şəxs özü isə istintaq zamanı dayısının yardım məqsədilə zərərçəkmiş şəxslərə ümumi 105 min manat ödədiyini və vəsatətin təmin edilməməsini istəyib.

Vəsatətə fikir bildirən digər təqsirləndirilən Aynur Bayramova onun barəsində seçilmiş həbs qətimkan tədbiri qanunsuzdur: "Mən özüm xəstəyəm, övladım da xəstədir. Burada həqiqət deyilmir. 5 valideyn öyrədilərək bura çıxarılır. Digər valideynlər danışdırılmır. Onlar da nə deyir, onu da edirlər. Nuridənin səs yazısı var, bütün pullar ona verilib. Mən bu məsələni qaldırmışam, zərərçəkmişlərlə birgə polisə getmişəm. Demişəm ki, sizin pulunuzu Nuridə yeyib. Bundan sonra Nuridə məni şantaj etdi. Mən heç bir zərərçəkmişin pulunu yeməmişəm. Allahdan qorxun, yalan danışmayın. Nuridə Seyidova zərərçəkmiş şəxslərin pulu ilə içəridə kef çəkir. Nuridə zərərçəkmişlərdə mənim qarşı fikir formalaşdırır. Mənim heç bir günahım yoxdur. Mənim məqsədim zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə çalışmışam. İndi burada üzümə dururlar. Burada bütün valideynlər danışmır, 5-6 nəfər ortaya düşüb".

Daha sonra qərar elan edilib. Qərara əsasən təqsirləndirilən Aysel Məmmədova barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs edilib.

Daha sonra məhkəmə təqsirləndirilən Aysel Məmmədovanın ifadəsi ilə davam edib. O bildirib ki, yaxın qohumunun övladının əməliyyatını N. Seyidova edib. Ondan sonra ona güvəni yaranıb:

" Qohumum övladının xəstəliyi vardı. Nuridəyə müraciət etdilər. Bu əməliyyat üçün ona 25 min pul verdilər. Uşaq da əməliyyat olundu. Ona görə Nuridəyə güvənim artdı. Zərərçəkmiş Tural Nəsimiyevdən 35 min dollar alınıb. Pulu mənim iştirakımla Tural Nuridəyə verdi. Dayım Turala 10 min pul ödədi. Digər şəxs Zeynəb Cəlilovadan 25 min götürdüm. Nuridənin göstərişi ilə pulu başqa xəstəxanaya göndərdim. Z. Cəlilovaya da 10 min ödəmişəm. Kamil Əhmədov 23 min pulu mənə verdi. Sürücü ilə Nuridəyə göndərdim. Nuridə ilə Kamil öz aralarında pulun geri ödənilməsi barədə razılaşmışdılar. İstintaq zamanı Kamilə də 10 min geri ödəmişəm. Mənim pul verdiyini deyən Ramil Dadaşov 51 min manatı özü yox xalası oğlu birbaşa Nuridəyə verib. Pul alanda mən heç orda olmamışam. Sadəcə telefonla əlaqə yaratmışam deyə ittihamda mənim adıma yazılıb. R. Dadaşova da 15 min pul qaytarmışam. Xəyal İsayev epizodunda onu görməmişəm. Pulu onun yoldaşı Şövkət xanım Nuridəyə verib. Pulu nə mən almışam, nə də mənim iştirakımla alınıb. Ona da istintaq zamanı 15 min qaytarmışam. Lamiyə Hüseynova Gəncədə yaşayır. O pulu milli ön vasitəsilə Nuridəyə atacaqdı. Buridə dedi ki, mənim kartımdan pul çıxılır. Ora atma. Mənim kartıma pul atılıb. Lamiyə xanım pulun çeklərini də Nuridəyə atırdı. Mənə pul gələndə də Nuridəyə verirdim. Nərgiz Mahmudova mənə pul verməyib. Sadəcə pul veriləndə mənim iştirakım olub. 9 mini Toğrula verib. Toğrul da Nuridəyə aparıb verib. İstintaq zamanı 4 min ödəmişəm. Elnarə Mirzəyeva mənimlə telefonda danışıb 25 mini Nuridəyə aparıb verib. Sonuncu Sevinc Səmədova 22 min 500 pulu mən yox Toğrul alıb. İttihamda mənim adım qeyd olunub ".

Daha sonra təqsirləndirilən Aysel Məmmədova məhkəmənin suallarını cavablandırıb.

Növbəti məhkəmə prosesi iyun 5-na təyin edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər xətti