"İnter Mayami" lideri Lionel Messi zədə səbəbindən şənbə günü MLS-in normal mövsümündə Nyu York Siti FK ilə matçı buraxacaq.
Ucnoqta.az ESPN-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "İnter Mayami"nin baş məşqçisinin köməkçisi Xavyer Morales məlumat verib.
36 yaşlı Messi komandasının ardıcıl üçüncü matçını buraxacaq. "İnter Mayami" ümid edir ki, argentinalı aprelin 3-də baş tutacaq KONKAKAF Çempionlar Kubokunda "Monterre"yə qarşı oyunda sağalacaq.
“Leo fizioterapevtlərlə işləyir. O, "Nyu York Siti" ilə meydanda olmayacaq. Biz mümkün olan hər şeyi etməyə çalışacağıq ki, o, gələn çərşənbə axşamı Monterreyə qarşı oynaya bilsin”, – Morales bildirib.
Bu mövsüm Messi 5 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Messi KONKAKAF Çempionlar Kubokunda Nashville-ə qarşı 50 dəqiqə oynadığı martın 13-dən bəri "İnter Mayami"də oynamayıb. O, millinin son oyunlarını da buraxıb.