Yaponiyada qida əlavəsi xəbərdarlığı: Ölənlərin sayı 4-ə çatıb

12:05 - 28 Mart 2024 - Cəmiyyət

Yaponiyada yan təsirləri olan qida əlavələrindən istifadə etdikdən sonra şübhəli şəkildə dünyasını dəyişənlərin sayı 4-ə, xəstəxanaya yerləşdirilənlərin sayı isə 106-ya yüksəlib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaponiyada qırmızı düyü mayası ilə istehsal edilən və pis xolesterolu saldığı iddia edilən qida əlavələrindən istifadə etdikdən sonra şübhəli şəkildə ölənlərin sayı artır. İstehsalçının verdiyi açıqlamada, sözügedən qida əlavələrindən istifadə etdikdən sonra ölənlərin sayının 4-ə, yan təsirləri şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayının isə 106-ya çatdığı bildirilib. Yaponiya hökuməti ehtiyat tədbiri olaraq tərkibində qırmızı düyü mayası olan təxminən 6 min məhsulda təcili araşdırmalar aparacağını açıqlasa da, istehsalçı da qırmızı düyü mayası olan qida məhsulları və ədviyyatları könüllü olaraq bazardan geri çağırmağa qərar verib.

Yaponiyanın Baş naziri Fumio Kişida mövzu ilə bağlı verdiyi açıqlamada, yan təsir iddialarından sonra bildirilən ölümlərin dəqiq səbəbini təyin edəcəklərini və yeni ölümlərin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görəcəklərini deyib. Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi araşdırmaların nəticələrini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər ölkələrlə bölüşməyə davam edəcəklərini vurğulayıb.

Yaponiyada qırmızı düyü mayası ilə istehsal edilən qida əlavələri son zamanlarda müxtəlif yan təsirləri, xüsusilə də böyrək çatışmazlığı iddiaları ilə gündəmə gəlib. Yaponiya Səhiyyə Nazirliyi "Beni Koji Choleste Help" adlı əlavədən istifadə edən şəxsin böyrək çatışmazlığından ölməsindən sonra təşvişə düşüb. Sözügedən qida əlavələrini istehsal edən şirkət, istehsal prosesində istifadə edilən qəliblərdən əldə edilən naməlum komponentin yan təsirlərə səbəb olması ehtimalını nəzərdən keçirdiklərini açıqlayıb.

Xəbər xətti