"Qarabağ" bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu haqda Sportinfo.az-a mötəbər mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb.
"Köhlən atlılar" bəzi ev matçlarının Xankəndidə təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək.
"Qarabağ" rəhbərliyi dünəndən bəri Xankəndidədir. Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.
Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni "xunta" rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbii qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.
Ağdam təmsilçisinin nümayəndələrinin hələ 1 gün də orada qalmaları planlaşdırılır.
Səfər birbaşa "Qarabağ"la əlaqədardır və bu məkanla tanışlıq xarakteri daşıyır. Gəlinən ilk rəydən məlumatlıyıq.
Belə ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruzə edib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir.
Qazonlar səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin "bayrağı"nın rənglərindədir.
Hakimlər və paltardəyişmə otaqlarına "əl gəzdirilməlidir".
Stadionun ərazisində tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.