Hindistan məhsulun xaricə satışına iyul ayında qoyulan qadağadan azad olmaq çərçivəsində yeddi ölkəyə bir milyon tondan çox təmizlənmiş düyü ixracına icazə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin Xarici Ticarət Baş İdarəsi məlumat yayıb.
Tədbir, ixracı mümkün olan, lakin rüsum ödənilməklə basmati çeşidi istisna olmaqla, təmizlənmiş (ağ) düyüyə aiddir. Bildirişdə bildirilir ki, qaydalardakı yüngülləşdirmə Nepal, Kamerun, Kot-d'İvuar, Qvineya, Malayziya, Filippin və Seyşel adalarına şamil edilir.
Təxminən 300 min tonluq ən böyük kvota Filippinə ayrılıb. Ümumilikdə sadalanan yeddi ölkəyə bir milyon tondan çox düyü satışına icazə verilir. Eyni zamanda, 2021-2022-ci maliyyə ilində (31 martda başa çatan) Hindistan düyüsünün ümumi ixracı 21,2 milyon ton təşkil edib.
Qlobal düyü ixracının 40%-ni təşkil edən Hindistanın hakimiyyət orqanları iyul ayında basmati istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracını qadağan edib. Hindistanın İstehlakçı İşləri və Ərzaq Paylanması Nazirliyinin məlumatına görə, qadağan olunmuş düyü sortları bu məhsulun ixracının 25%-ni təşkil edir.