Bakıda Şahin Bayramov və Fərid Əlirzayevin küçədə qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən iclaada təqsirləndirilən - Sərxan Şahbazov və Yunis Rəhimov ifadə verib.
Sərxan Şahbazov hadisə zamanı heç nəyi görmədiyini bildirib və özünü təqsirli bilmədiyini deyib: "İşdən sonra taksi fəaliyyəti ilə məşğul olurdum. Ramin mənim xalam oğludur. Zəng elədi ki, dostlarımla görüşəcəm, gəl məni ora apar. Gəldik Çapayev küçəsinə. Mənə dedi gözlə, dostlarımla söhbət edəcəm, çay içib çıxarıq. Oturub çay içdim, mən çıxdım çölə telefonla danışmağa. Sonra mənə dedi ki, bəs maşında hədiyyə var, get onu gətir. Mən hədiyyənin nə olduğunu bilmirdim. Maşından bükülü hədiyyəni gətirdim. Ramin Nuraniyə verdi dedi ki, bəs sənin hədiyyəndir. Nurani bükülünü açanda gördüm ki, içində bıçaq var. Sonra çölə çıxdıq. Çöl qaranlıq idi, tam görmədim. Sonradan dava başladı. Mən çəkildim qırağa, durub baxdım. Bir nəfər qışqırdı ki, Şahini vurdular. Digər vurulan adamı görmədim. Heç bilmədim kim vurub, nə vaxt vurub".
Daha sonra digər təqsirləndirilən Yunis Rəhimov ifadə verib: "Mən evə getmək üçün onlarla getdim. Sərxanın dediklərinə qatılıram. Orda Şahini və Fəridi kimin vurduğunu görmədim".
Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.
Qeyd edək ki, 2023-ci ilin fevralın 18-də Nərimanov rayonu ərazisində Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs - bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.