Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin razılığı olmadan Almaniyaya səfər edərək respublika konstitusiyasını pozub.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.
"Aydındır ki, Gürcüstan prezidenti konstitusiyanı çox kobud şəkildə pozur. O, bu konstitusiyaya and içib, amma onu kobud şəkildə pozur. Bu, çox ağır fenomendir, buna cavab vermək lazımdır. Bu cavabsız qalmayacaq", - Kobaxidze Zurabişvilinin Almaniyaya səfərini şərh edərkən deyib.
Siyasətçi əlavə edib ki, prezidentin belə bir addımı onun impiçmenti üçün əsasdır, lakin o, əmindir ki, bu baş verməyəcək, çünki parlamentdəki müxalifət Zurabişvilinin istefasının əleyhinə səs verəcək.
Çərşənbə günü Gürcüstan prezident administrasiyası elan edib ki, Zurabişvili respublikaya Aİ-yə namizəd statusu vermək üçün bir sıra xarici səfərlərə başlayır. İlk səfər cümə axşamı Almaniyaya planlaşdırılıb. Daha sonra Gürcüstan hökumətinin administrasiyası bəyanat yayıb ki, Zurabişvilinin Almaniyadan başqa, Belçika, Bolqarıstan, Danimarka, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna, Çexiya və İsveçrəyə səfərləri rədd edilib.
Hökumətin imtinasına baxmayaraq, Zurabişvili hələ də cümə axşamı Almaniyaya səfər edib. Facebook-da o, prezident Frank-Valter Ştaynmayerlə görüşün fotosunu yerləşdirib, lakin sonradan məlumat silinib.