ABŞ Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar planlaşdırır

20:08 - 30 Avqust 2023 - DÜNYA

ABŞ hərbi əməkdaşlığa görə Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəyir

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.

O, bildirib ki, ABŞ administrasiyası Moskva və Pxenyanın hərbi-texniki əməkdaşlığı artırması səbəbindən Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. 

Vaşinqton hesab edir ki, Rusiya və Şimali Koreya nümayəndələri müdafiə sektorunda mümkün sövdələşmələri müzakirə edirlər. Kirbinin sözlərinə görə, Moskva Rusiya hərbi-sənaye kompleksinə kömək üçün Pxenyandan “əhəmiyyətli miqdarda” hərbi aktivlər və xammal istəyir.

Ağ Evin sözçüsü qeyd edib ki, Vaşinqton bu ölkələr arasında silah satışına şərait yaradan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları müəyyən edib, tətbiq etməklə konkret addımlar atır.

“Biz Rusiyanın KXDR-dən və onun Ukraynadakı müharibəsinə dəstək vermək istəyən hər hansı digər dövlətdən hərbi aktivlər əldə etmək cəhdlərini müəyyən etməyə, ifşa etməyə və dayandırmağa davam edəcəyik”, – Kirbi əlavə edib.

Xəbər xətti