Baş nazir Əli Əsədovun bir neçə gün əvvəl imzaladığı qərara əsasən, əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq.
Dəyişiklik kimlərə şamil ediləcək və pensiyaların artmasına necə təsir edəcək?
Məsələ ilə bağlı Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə sorğu ünvanlayıb.
Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuzu cavablandırıb.
"Sözügedən dəyişikliklərlə əlaqədar 2023-cü ilin yanvarın 1-dən sığorta prinsipi ilə pensiya alan pensiyaçılarla bərabər dövlət qulluqçularının, hərbi və xüsusi rütbəli şəxslərin və s. pensiyalarının ümumi məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılıb. Beləliklə həmin kateqoriyadan olan şəxslərin də pensiyalarının ümumi məbləğinin hər il indeksləşdirilərək artırılması mexanizminə keçilib", - Rəşad Mehdili vurğulayıb.