Rusiya Federasiyası, Azərbaycan və Ermənistan növbəti görüşlərin hazırlanması üzərində işi davam etdirəcək, 2023-cü ildə üç ölkə liderlərinin sammiti planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli danışıqların yekunlarına dair Rusiya XİN-in saytında dərc olunan şərhində deyilir.
“Biz gələcək görüşlərin, o cümlədən bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsi planlarının hazırlanması üzərində gərgin işi davam etdirəcəyik”, - o deyib.
Rusiya tərəfi də parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağı təklif edib.
Eyni zamanda, rusiyalı nazir bu gün keçirilən müzakirələrin digər sahələrdə də danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcəyinə ümid etdiyini bildirib. "İndiki mərhələdə ən yaxın nəticə regionda nəqliyyat kommunikasiyalarının bloklanmasına dair konkret məsələlərin razılaşdırılması ilə məşğul olan üç baş nazirin müavininin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunda razılığın əldə olunmasıdır. Bu kontekstdə nəqliyyat sektorunda artıq nəinki regional, həm də daha geniş xarakter daşıyan perspektivli layihələrin həyata keçirilməsi üçün perspektivlər açılacaq", - deyə Rusiya XİN rəhbəri bildirib.