Əlcəzair Xarici İşlər Nazirliyi Danimarkanın səfiri Vanessa Veqa Saenz və İsveçin müvəqqəti işlər vəkili Byorn Haqqmarkı bu ölkələrdə müsəlmanların müqəddəs kitabına hörmətsizlik edilməsi hallarına görə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc olunmuş bəyanatında deyilir.
“Kopenhagen və Stokholmda Quranın yandırılması və təhqir edilməsi ilə bağlı dəfələrlə baş verən hadisələri nəzərə alaraq, Xarici İşlər Nazirliyi bu gün bazar ertəsi Danimarkanın Əlcəzairdəki səfirini, eləcə də İsveçin Əlcəzairdəki müvəqqəti işlər vəkilini onlara rəsmi etiraz etmək üçün çağırıb”, - sənəddə deyilir.
Əlcəzair nazirliyi həmçinin hər iki ölkənin hakimiyyətini beynəlxalq hüququn bütün normalarına zidd olan bu cür hərəkətlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb. Departament qeyd edib ki, Quranın təhqir olunması yalnız nifrət doğurur və islamofobiyanın inkişafına töhfə verir.