Şarl Mişel tərəfləri Fransa və Almaniya liderləri ilə beştərəfli görüşə dəvət edib

21:40 - 15 İyul 2023 - SİYASƏT

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş başa çatıb

Ucnoqta.az xəbər verir ki, bundan sonra Şarl Mişel mətbuata bəyanatla çıxış edib. O, görüşü “səmimi, dürüst və mənalı” adlandırıb.

Bu ilin may ayından başlayaraq müxtəlif ölkələrin vasitəçiliyi ilə keçirilən görüşləri xatırladan Mişel Ermənistanla Azərbaycan arasında hərtərəfli danışıqların aparıldığını qeyd edib.

"Mən iki liderin sülh prosesinə sadiqliyini alqışladım və onları nizamlanma prosesində qəti və dönməz irəliləyişi təmin etmək üçün cəsarətli addımlar atmağa çağırdım" deyən Avropa Şurasının prezidenti buna baxmayaraq, regionda gərginliyin davam etdiyini bildirib.

Mişelin sözlərinə görə, gündəlikdəki bütün məsələlər müzakirə olunub.

“Ermənistan və Azərbaycan liderləri bir daha bir-birinin ərazi bütövlüyü və suverenliyinə, Ermənistana 29,8 min kvadrat kilometr, Azərbaycana isə 86,6 min kvadrat kilometr əraziyə hörmətlə yanaşdıqlarını bir daha tam şəkildə təsdiq etdilər. İki lider Alma-Ata Bəyannaməsini demarkasiya üçün siyasi çərçivə kimi qəbul etmək barədə razılığa gəldiklərini təsdiqləyiblər”, - deyə Mişel bildirib.

O, əlavə edib ki, tərəflər demarkasiya komissiyasının işini aktivləşdirmək barədə razılığa gəliblər. O, həmçinin iyulun 12-də sərhəd məsələləri üzrə komissiyaların iclasını alqışlayıb.

Xəbər xətti