Cəlilabadda saxlanılan narkokuryerlərdə 10 kiloqramdan artıq narkotik aşkarlanıb.
APA xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Elgün Cəbrayılov və Abşeron rayon sakini Ehtibar İsmayılov saxlanılıblar. Keçirilən baxış zamanı Elgün Cəbrayılovun əlindəki torbanın içərisindən ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqram 400 qram heroin, 3 kiloqram 700 qram həşiş qətranı, 2 kiloqram marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onların İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitəni Bakı şəhərinə aparıb orada deyiləcək ünvanlara çatdırmaq tapşırığı aldıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.