Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması məqsədilə xüsusi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsi üçün vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış arealları üzrə epizootoloji monitorinqlər keçirəcək.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, cari il iyulun 3-7-də keçiriləcək monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ərazi üzrə əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.
Monitorinqlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən tərtib olunmuş vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış areallarında keçirilməsi planlaşdırılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisindəki Milli Park və dövlət təbiət yasaqlıqlarında, həmçinin Vətən müharibəsi dövründə işğaldan azad olunan Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının ərazisində həyata keçirilməsi nəzərdə tutulur.
Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Müvafiq ölkə hesabatı yenidən tərtib edilərək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunacaq.