"Azərbaycan millisi qalib gələcək" - Elmar Məmmədyarov PROQNOZ VERDİ

14:48 - 16 İyun 2023 - SİYASƏT

“İşğaldan azad olunmuş ərazilərdə komandaların yaradılması barədə razılığa gəldik”.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov qurumun iclasından sonra deyib.

O, həmin ərazilərdə futbolun inkişafının müzakirə olunduğunu söyləyib:

“Füzulidə, Laçında, Kəlbəcərdə, Zəngilanda və Cəbrayılda komandaların yaradılması barədə razılığa gəldik. AFFA-ya bununla bağlı xüsusi proqramın hazırlanması tapşırılıb”.

E.Məmmədyarov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində sabah Estoniyaya qarşı keçirəcəyi ev oyununa proqnoz verib:

“Azərbaycan millisi qalib gələcək. Ümidimiz olmasa, heç gəlmərik. Sabah oyuna gedəcəyəm. Ümid edirəm ki, qalib gələcəyik”.

Keçmiş xarici işlər naziri “Neftçi”nin Rusiyadakı turnirdə iştirakına münasibət bildirib:

“Yaxşı turnirdir. Rusiya ilə qonşu ölkəyik. Söhbət futboldan gedir. Buna siyasi baxımdan yanaşmaq düzgün deyil. Orada məşhur komandalar - “Zenit”, “Fənərbağça”, “Srvena Zvezda” oynayacaq. Bu, “Neftçi” üçün avrokuboklara hazırlaşmaq üçün yaxşıdır”.

Uzun illərdir, AFFA İcraiyyə Komitəsinin üzvü olan Elmar Məmmədyarov bu fəaliyyətin onun üçün çox maraqlı olduğunu əlavə edib. O, yenidən üzvlüyə namizədlik verib-verməyəcəyinin dəqiqləşmədiyini söyləyib:

“AFFA-dakı fəaliyyətimə qiymət verə bilmərəm. Amma mənim üçün çox maraqlıdır. Uşaqlıqdan futbol azarkeşiyəm. Yenidən namizədlik verib-verməyəcəyinə baxacağıq. Əvvəldən nəsə demək çətindir”.///oxu.az

Xəbər xətti