Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11 də keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib.
Ucnoqta.az xəbər verir ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17 705 bakalavrdan 408 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticələri ləğv olunub.
İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var).
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 16 iyun 2023-cü il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 iyun saat 10:00-dan 16 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
İştirakçıların nəzərinə çatdırırıq ki, cavab kartı və sual kitabçasında qeyd etdikləri cavablar arasında uyğunsuzluqla bağlı olan müraciətlərə baxılmır. Qəbul qaydalarına uyğun olaraq, yalnız cavab kartındakı cavablar əsasında ballar hesablanır. Sual kitabçasındakı qeydlər heç bir hüquqi qüvvəyə malik deyil.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.