2022-ci ildə Çinin idxal-ixrac əməliyyatları ilə bağlı dəqiqləşdirilmiş rəqəmləri məlum oldu: Çinin 2022-ci ildə idaxal-ixrac həmci 2021-ci ilə görə 4,4% artaraq 6 trilyon 310 mlrd. dollar təşkil edib. Çinin AB ölkələri və ABŞ-la ticarət dövriyyəsi 1,6 trilyon dollar təşkil edib ki, bunun da 760 mlrd. dolları ABŞ-ın, 840 mlrd. dolları isə AB ölkələri, Britaniya və İsveçrənin payına düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib. Natiq Cəfərli bildirir ki, bizi maraqlandıran Çin-Avropa ticarət dövriyyəsidir, çünki, Azərbaycan yeni infrastrukrur layihələri həyata keçirməklə yeni körpü rolunda çıxış etmək, yeni logistik “xaba” çevrilmək istəyir:
"Gəlin məsələlərə obyektiv, emosiyasız, tək iqtisadi deyil də, həm də siyasi yöndən yanaşaq: Çin-Avropa ticarət dövriyyəsinin 80%-ə yaxını dəniz nəqliyyatı ilə həyata keçirilir, dəmir yolları və avtomobillərlə (avtomobillərlə daşıma quru yolla daşınan 20%-in, təxminən, 1%-dən də azdır, çox spesefik mallar daşınır) daşınır. Deməli, söhbət ildə, təxminən 150-160 mlrd. dollarlıq quru yolla daşınan yüklərin Çin-Avropa və əks istiqamətdə daşınmasından pay almaqdan gedir. Günü bu gün də dəmir yolu ilə Çin-Avropa-Çin daşımalarının böyük bir həcmi Rusiya-Belarus-Polşa marşrutu ilə həyata keçirilir, hər iki tərəf üçün sərfəlidir, çünki tranzit xərcləri azdır, zaman etibarı ilə isə 22-25 gün ərzində yükləri çatdırmaq mümkündür. Amma indi problem var: Qərbin Rusiyaya tədbiq etdiyi kəskin sanksiyalar yüklərin sığortalanmasına da aiddir – getdikcə daha çox şirkətlər Rusiya üzərindən keçın yüklərin sığortalanmasından imtina edir, bunu riskli sayırlar. Deməli alternativ yollara ehtiyac getdikcə artır, amma ciddi oyunçular uzunmüddətli layihələrə pul qoyarkən siyasi-geosiyasi məsələləri də mütləq nəzərə alırlar. Yəni, Rusiya bu gün pisdir, amma 2-3, və ya 5 ildən sonra Qərblə münasibətləri düzəltsə nə olacaq?! Deməli, alyernativ layihələr Rusiya-Qərb münasibətlərinin gələcəkdə necə olmasından asılı olmadan cəlbedici olmalıdır".
N.Cəfərli qeyd edir ki, alternativ kimi Azərbaycanın yeni logistik mərkəzə çevrilməsi şansı və imkanı var, bunun üçün Zəngəzur yolunun da əhəmiyyəti olacaq, amma özümüzü aldatmayaq, tranzit gəlirlərinin fantastik rəqəmlərlə olacağını bəyan edənlər yanılırlar:
"Azərbaycandan keçəcək-keçən yolun bir neçə problemi var:
1) Bu yol üzərində olan ölkələrin HƏLƏ DƏ vahid tranzit rüsumları ilə bağlı anlaşması yoxdur, bu isə yük göndərən/qəbul edən şirkətlər üçün sərfəli deyil,
2) Ən böyük maneə Xəzər dənizidir – yüklərin (qatarların, vaqonların) bərələrlə Xəzərdən keçirilməsi əlavə xərc, daşımaların maya dəyərini artıran amildir. Daha bir problem odur ki, bərələr həm də hava şəraitindən asılıdır, küləkli-dalğalı havada dənizə çıxmaq çətin olur, bu isə yükdaşımaların zamanını, deməli həm də dəyərini artıran faktordur.
Bütün bu çətinliklərə, problemlərə baxmayaraq Azərbaycan Dövləti daha uzun düşünməyi öyrənməli, Zəngəzur yolunun açılması ilə bağlı əlimizdən gələn hər şeyi etməliyik. Dediyim kimi, bunun böyük tranzit gəlirləri gətirəcəyi mifdir, bu yöndə rəsmilərin verdiyi açıqlamalar həqiqəti əks etdirmir, amma bu yolun çox böyük siyasi əhəmiyyəti var, məmləkətimizin gələcək geo-siyasi yol xəritəsində ciddi rol oynayacaq - ən azı Türk Dövlətləri Təşkilatı layihəsi, yaranmaqda olan fraqmental dünyada vacib coğrafi-logistik və iqtisadi mərkəzlərdən birinə çevrilmə potensialı olan layihə üçün vacibdir..."