İrəvan xanlığı dövründə biz həmin torpaqlara sahib olduğumuzdan sərhədə ehtiyac yox idi. Rusiya imperiyası dağıldıqda və bolşeviklər tarixi torpaqlarımızda Ermənistan dövlətinin təsisinə icazə verdikdə SSRİ yaradıldığına görə yenə də sərhəd olmadı. SSRİ dağıldıqda sərhəd yaratmağa macal tapmadıq, təcavüzlə üzləşdik, müstəqillik illərində Ermənistanla Qarabağ istiqamətində sərhədimiz olmadı.
Ucnoqtaaz xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Politoloqun sözlərinə görə, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin əsas səbəbi məhz sərhədin olmamasıydı:
"O gün bu gündür. Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir, İkinci Qarabağ müharibəsindən sonra ikinci böyük uğurumuz sayıla bilər.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Gorus-Laçın istiqamətində sərhəd-keçid məntəqəsinin yaradılacağını gözləyirdi. Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatdığına görə biz də Laçın yoluna girişi nəzarətə götürdük. Paşinyan hökumətinin etirazı nəzərə alınmayacaq. Ermənistandakı radikallar və Qarabağ separatçıları Rusiyaya yalvaracaqlar ki, Kreml sərhəd-keçid məntəqəsinin yaradılmasının qarşısını alsın. Ancaq Ukrayna bataqlığı içərisində olan Kremlin erməni separatçılarına görə Azərbaycanla münasibətləri gərginləşdirəcəyini – bütün körpüləri yandıracağını zənn etmirəm. Fransa və ABŞ-ın ermənipərəst dairələri bir az haray-həşir salacaqlar, onların da çığırtısı mənasızdır. Məntimiz sadədir: Hər dövlətin sərhədi və sərhəd-keçid məntəqələri olduğu kimi Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması suveren hüququdur".