Mediatorlar ixtisasartırma kurslarına cəlb ediləcək

20:42 - 1 Aprel 2023 - Xəbər

Mediatorlar ixtisasartırma kurslarına cəlb ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov açıqlama verib.
Onun bildirdiyinə görə, hər bir sahədə olduğu kimi, mediasiya sahəsində çalışan mütəxəssislərin öz biliklərini daima artırması, yenilənməsi vacibdir. Mediatorlar yüksək kvalifikasiya əldə etmək üçün, mediatorun əsas vəzifələrindən biri olaraq, iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat əldə etməkdir.

O qeyd edib ki, “Mediasiya haqqında” Qanuna və “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2019-cu il tarixli, 383 nömrəli Qərarına əsasən, hər bir mediatorun 32 saatlıq ixtisasartırma kurslarında iştirak etməsi mütləqdir. Həmin Qərara əsasən, mediatorların hazırlığı, ixtisaslaşmış ailə və əmək mediasiyası təlimləri və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mediatorların ixtisaslarının artırılması kursları ilə yanaşı, mediatorların hər birinin həmçinin 32 saatlıq ixtisasartırma kursları keçməsi tələb olunur.

N.Adilov bildirib ki, mediator kimi fəaliyyətini davam etdirmək niyyətində olan, Mediasiya Şurasının üzvləri olan mediatorlar ixtisasartırma kurslarında iştirak üçün İdarə Heyətinin sədri adına ərizə ilə müraciət etməli, şəxsiyyəti təsdiq edən sənədin surəti və mediatorların ilkin hazırlığı üzrə təlimi bitirməsini təsdiq edən sertifikatı Mediasiya Şurasına təqdim etməlidirlər.

Qeyd edilir ki, “Mediasiya haqqında” Qanunun 12.2.2-ci maddəsinə uyğun olaraq, ixtisasartırma kursunu müvafiq qaydada keçməyən mediator müvafiq qərarla Mediasiya Şurasının üzvlüyündən çıxarılması üçün əsasdır. Bu kurslarda iştirak etməmək Qanunvericilikdə nəzərdə tutulduğu kimi mediatorun Mediasiya Şurasının üzvlüyündən xaric olmasına və mediator fəaliyyətinə xitam verilir. Ona görə də ixtisasartırma kursunu müvafiq qaydada keçməyən mediatorlar barədə Qanunvericiliyin tələblərinə uyğun olaraq, Mediasiya Şurasının üzvlüyündən xaric ediləcək və barələrində müvafiq qərarlar veriləcək” - deyə o bildirib.

Nadir Adilovun sözlərinə görə, qeyd edilən kurslarda iştirak Qaydalarda nəzərdə tutulduğu üçün ödənişli əsaslardır və ixtisasartırma kursunda iştirak etmək arzusunda olan hər bir mediator Mediasiya Şurasına müvafiq ərizə və sənədlərlə birlikdə müraciət etdikdə və Mediasiya Şurası tərəfindən Ədliyyə Akademiyasına göndərilmiş müvafiq adlı siyahıda təmsil olunduqdan sonra, müvafiq müqaviləni Ədliyyə Akademiyası ilə imzalamaqla kurslar üçün nəzərdə tutulan 160 AZN ödənişi Akademiyanın müvafiq bank hesabına ödəməlidir. Kursları bitirənlərə isə Mediasiya Şurası və Ədliyyə Akademiyası tərəfindən müvafiq sertifikatlar təqdim ediləcək.

“Əlbəttə ki, biz mütəmadi olaraq bütün mediatorların təmsil olunduğu qruplara, əlaqə vasitələrinə bu barədə məlumat veririk, eyni zamanda KİV vasitəsi ilə də bu məsələləri ictimai diqqətdə saxlayırıq. Lakin hər hansı bir sualı olan şəxs istənilən vaxt bizim (012) 1927 və *1927 qaynar xətt nömrələrimizə və yaxud da [email protected] elektron poçt adresinə müraciət edə bilər. Məqsədimiz bütün ölkə boyu keyfiyyətli mediasiya xidmətlərini təmin etməkdir” - deyə N.Adilov fikirlərini tamamlayıb.

Xəbər xətti