ABŞ-ın İrana qarşı istənilən hərbi əməliyyatı müharibəyə gətirib çıxaracaq

10:38 - 31 Yanvar 2023 - DÜNYA

ABŞ-ın İrana qarşı istənilən hərbi əməliyyatı bütün Yaxın Şərq regionu üçün nəticələri olan genişmiqyaslı münaqişəyə gətirib çıxaracaq.

Ucnoqta.az xəbər verir ki, bunu İranın İsfahan şəhərində hərbi obyektə hücumdan sonra İranın BMT-dəki daimi nümayəndəliyi bildirib.

İslam respublikasının BMT-dəki nümayəndəliyi bəyan edib ki, “ABŞ səhv hesablayıb müharibəyə başlayarsa”, belə bir münaqişənin “region və dünya üçün” nəticələrinə görə Vaşinqton cavabdeh olacaq. Daimi nümayəndəlik hadisələrin bu cür inkişafında İranın “öz təhlükəsizliyini və maraqlarını qoruya” biləcəyini vurğulayıb.

Öz növbəsində, ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən sözçüsü Newsweek-ə deyib ki, “Amerikanın heç bir hərbi qüvvəsi İrana zərbələr endirməyib və ya əməliyyat keçirməyib”. O, təfərrüatları açıqlamadan ABŞ-ın "vəziyyəti izləməyə davam edəcəyinə" əmin edib.

Emin

Xəbər xətti