Çavuşoğlu Bayramova zəng etdi - YENİLƏNİB

16:11 - 27 Yanvar 2023 - Xəbər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək İrandakı səfirliyə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan XİN-dən məlumat verilib. 

Bildirilib ki, səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

M.Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

C.Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.

11:26

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu qətiyyətlə pislədiyini və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.


Bu sözləri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında bildirib.

Türkiyəli nazir həyatını itirən səfirlik əməkdaşı ilə bağlı başsağlığı verib, yaralananlara şəfa diləyib.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Xəbər xətti