Azad edilmiş ərazilərimizin bərpasında və reinteqrasiyasında sənayeləşmə vacib faktordu

11:39 - 16 Yanvar 2023 - İQTİSADİYYAT

Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində iqtisadi inkişafında mühüm rol oynayacaqdır.

Ucnoqta.az xəbər verir ki, ölkəmizə öz istehsal güclərini, istehsalın səmərəliyini və bütün bunların nəticəsində isə əhalinin rifahını yüksəltməyə imkan verəcək. Milli iqtisadiyyatın və dövlət büdcəsinin neftdən asılılığının qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Bu istiqamətində həyata keçirilən tədbirlərə isə rəqabətə davamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi daxildir.

Sənaye zonalarına investisiya qoyuluşu 100 milyon manata yaxınlaşıb

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun resurslarından və iqtisadi imkanlardan yararlanmaqla istehsalın təşkili ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradacaq. Belə sənaye parklarından biri “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, digəri isə Ağdam sənaye parkıdır. Hər iki sənaye parkının böyük inkişaf potensialı var və iqtisadi inkişafımızda önəmli rol oynayacaqlar. Onların istifadəyə verilməsi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun kommunikasiya, tranzit imkanlarını artıracaq. Hazırda Ağdam Sənaye Parkında 12 rezident və 3 qeyri-rezident qeydiyyata alınıb və 700-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Əlamətdar hadisədir ki, 2023-cü ildə təsdiq edilmiş Ağdamın baş planına uyğun olaraq, yaşayış yerlərinin, infrastrukturun tikintisinə diqqət yönəldiləcək, bu baxımdan sənaye parkı soydaşlarımızın geri qayıdarkən işlə təmin edilməsində mühüm rol oynayacaq. Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası"nda 2 rezident qeydiyyata alınıb. Burada 250 iş yerinin yaradılması nəzərdə tutulur. Parklarda tikinti, qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Hazırda xarici investorların da bu ərazilərə böyük marağı var.

Qeyd edim ki, ötən ilin yekunlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye zonalarına investisiya qoyuluşu 100 milyon manata yaxınlaşıb.

Milli məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sənaye parkları ilə bağlı deyib: “Sözsüz ki, bu da sənaye müəssisələrinin istehsalı üçün geniş imkanlar yaradır. Məhz bu baxımdan sənaye parkının yaradılması, sənayeləşmə siyasəti də işğladan azad edilmiş ərazilərimizdə iqtisadiyyatın bərpa prosesinin bir elementidir. Bu, həm də işğaldan azad edilmiş ərazilərimizin iqtisadi inkişafı üçün yeni stimullar yaratmaqla yanaşı, istehsal edilən məhsulların daha geniş bazarlara ixrac imkanlarının formalaşmasına gətirib çıxaracaq. Bu həm də qeyri-neft sektorunun ixracatda payının artmasına təsir edəcək”

2022-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı müstəqillik illərində ilk dəfə olaraq 3 milyard dollara çatıb və 2021-ci illə müqayisədə 10,3 faiz artıb. Növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə yaradılmış və yaradılacaq sənaye müəssisələrinin Azərbaycan iqtisadiyyatına qoşulması ilə qeyri-neft sektorunun ümumi daxili məhsulda payı artacaq.  “Qeyri-neft ixracatının artması iqtisadiyyatın şaxələndirilməsi baxımından çox vacibdir. İxrac ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Bu baxımdan, enerji sektorundan kənar sahələrin ixracatının artırılması prioritet olaraq qalmaqdadır”, - deyə V.Bayramov qeyd edib.

Nəsərə alaq ki, işğaldan azad olunmuş regionların əksəriyyəti kənd təsərrüfatı rayonlarıdır. Yüngül sənaye xammalının əsasını kənd təsərrüfatı məhsullarının təşkil etdiyini nəzərə alsaq, bu sahənin inkişafı üçün böyük perspektivlər var. Məsələn, baramaçılığın inkişafı müvafiq yüngül sənaye müəssisələrinin açılmasına əlverişli şərait yaradacaq. Qarabağda xalçaçılıq sənətinin zəngin ənənələri var. Xalçaçılığı inkişaf etdirməklə həm daxili bazarın tələblərini ödəmək, həm də beynəlxalq bazarda ənənəvi Qarabağ xalçalarının satışını təşkil etmək mümkündür. Beləliklə, emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da nəzərə alınarsa, ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılmasında daha yüksək göstəricilərin əldə olunacaq.

Sahibkarlıq subyektlərinə verilən kreditlər dövlət zəmanəti ilə təmin edilib

İnvestisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib. Qaydaya əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara verilən kreditlərin 90 faizədək hissəsinə dövlət tərəfindən zəmanət veriləcək, eləcə də zəmanət verilmiş kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 ay müddətinə dövlət tərəfindən subsidiyalaşdırılacaq. Mexanizm məbləği hər bir sahibkarlıq subyekti üzrə 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan kreditlərə şamil edilir. Mexanizm çərçivəsində verilən kreditlərə güzəşt müddətinin də tətbiq edilməsi nəzərdə tutulur. Güzəşt müddəti kreditin müddətinin yarısından çox olmamaq şərtilə 36 ay müddətinə veriləcək. Mexanizm çərçivəsində ümumilikdə 500 milyon manat kreditin verilməsi nəzərdə tutulur. “Mexanizmin tətbiqi işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunun sürətləndirilməsi, bankların həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kredit verilməsinin stimullaşdırılması, sahibkarların maliyyə əlçatanlığının təmin edilməsi və sahibkarların faiz yükünün azaldılmasına müsbət töhfə verəcək. Nəticədə işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması və iqtisadi aktivliyin bərpası sürətlənəcək”. Bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri İsmayıl Hüseynov deyib.

Onun fikrincə, kreditlərin dövlət zəmanəti ilə verilməsi işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanların iqtisadi layihələrinin maliyyələşdirilməsi baxımından səmərəli olacaq. “Hesab edirəm ki, maliyyə əlçatanlığının artırılması məcburi köçkünlərin doğma yurdlarına qayıdışı zamanı onların məşğulluğunun təmin edilməsinə, bacardıqları fəaliyyət istiqamətləri üzrə layihələr icra etməsinə, yerli məhsul istehsalının artırılmasına təkan verəcək.”.

Ödənilən sosial sığorta haqları 2026-cı ilədək dövlət tərəfindən subsidiyalaşdırılacaq

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. Rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edilən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları 10 il müddətində dövlət büdcəsindən subsidiyalaşdırılacaq. Subsidiyalaşdırma prosesi mərhələli şəkildə həyata keçiriləcək. İşəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. 2026-cı ildən başlayaraq 3 il ərzində subsidiya faizi 80 faiz, sonrakı 2 ildə 60 faiz, daha sonra isə 40 faiz təşkil edəcək. Bu işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasına, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsinə xidmət edir. Subsidiyalaşdırma dövlət və neft-qaz sahəsində, həmçinin qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma fəaliyyəti göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara şamil edilmir.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, 2023-cü ilin yanvarın 1-dən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb.

Vergi Məcəlləsinə edilmiş digər bir dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılacaq.

Beləliklə, kreditlərin dövlət zəmanəti ilə verilməsi və faizlərin subsidiyalaşdırılması, vergi güzəştləri sahibkarların Qarabağda biznes layihələrinin həyata keçirilməsi üçün çox önəmli dəstək olacaq. Bu mexanizm nəticəsində kreditlər dövlət zəmanəti ilə veriləcəyindən banklar, kredit və bank olmayan kredit təşkilatlarının özləri də daha çox kredit verməkdə və layihələri maliyyələşdirməkdə, yerli və xarici sahibkarlar isə investisiyalarını Qarabağ bölgəsinə yatırmaqda maraqlı olacaqlar: Azad olunmuş ərazilərdə sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi dövlətin də yükünü yüngülləşdirəcək.

Pünhan Əfəndiyev

Xəbər xətti