Ölkədə qiymət artımının qarşısını necə almaq olar? - Ekspert açıqladı

13:23 - 14 Noyabr 2022 - İQTİSADİYYAT

"Hörmətli deputat Vahid Əhmədov minimum əmək haqqının 500 manat olmasını təklif edib – lap yaxşı, maaşlar da, təqaüdlər də artırılmalıdır, çünki inflyasiya, qiymət artımı insanların belini büküb, amma bu addımı atmadan öncə bir neçə məsələ də mütləq həll edilməlidir."

Ucnoqta.az xəbər verir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Natiq Cəfərli qeyd edir ki, ilk növbədə qanunvericilikdə VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlantısı aradan qaldırılmalıdır – çox məntiqsiz qaydadır: 

"Məsələn, ay ərzində 500 manat dövriyyəsi olan da, 5000 manat olan da eyni ödəniş, yəni, minimum əmək haqqının 25%-ni DSMF-yə ödəməlidir (bəzi fəlayiyyət növlərində hətta 50%-ni ödəmək məcburiyyəti var). Bu yanaşma qanundan çıxarılmalıdır, minimum əmək haqqı artdıqca DSMF-yə ödənişlərin də avtomatik olaraq artması doğru yanaşma deyil. Ona görə də, bu bağlantı qanunvericilikdən çıxarılmalı, əvəzində ancaq dövriyyədən DSMF-yə ödəniş nəzərdə tutulmalıdır – təklif edirəm ki, dövriyyənin 2%-i DSMF-yə ödəniş kimi ayrılmasını nəzərdə tutan yeni qanun qəbul edilsin,
- Daha bir problem odur ki, indiki idarəetmə və iqtisadi sistemdə maaş və təqaüdlərin artırılması əlavə inflyasiya basqısı yaradır, hətta, “maaş-təqaüdlər artacaq”, xəbəri belə artıq qiymətlərin yüksəlməsinə səbəb olur. Ona görə də, maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir. Bu məsələ ilə bağlı aylar öncə təklif etdiyimiz məsələ bu gün də aktualdır, həll edilməlidir - ərzaq və dərmanların ƏDV-si 18%-dən 2%-ə endirilməli, ölkəyə gətirilən dərman vasitələri isə ümumən gömrük rüsumlarından tam azad edilməlidir, bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar. Təbii ki, paralel olaraq 30 ildir müstəqillikdən bəri xroniki “xəstəliyə” çevrilmiş inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir,
- Ölkədə DSMF-nin işləmə qaydaları da dəyişdirilməlidir, bu gün ödədiyimiz vəsaitdən Dövlət faizsiz istifadə edir, fərdi hesablarımıza toplanan vəsaiti heç olmasa inflyasiyaya görə belə indeksləşdirmir. Məsələn, mənim DSMF-dəki fərdi hesabımda illərdir ödədiyim 20 min manatdan çox vəsait var, Dövlət bu vəsaitdən istədiyi kimi istifadə edir, amma buna görə mənə divident ödəməməsi bir qırağa, yığılan vəsaitin inflyasiyaya görə dəyərdən düşməsini belə kompensasiya etmir. Dövlət ya özəl təqaüd fondlarının yaradılmasına və FƏRDİ müqavilələrə icazə verməli, ya da vətəndaşdan topladığı və istifadə etdiyi vəsaiti hər il inflyasiyaya görə indeksləşdirməlidr."

N.Cəfərli bildirir ki, ölkədə qiymət artımı, inflyasiya vətəndaşların çiynindəki ağır yükdür, dolayı vergiləndirmədir, bu yükün azaldılması dövlətin boynunun borcudur: "DSMF isə vətəndaşlardan topladığı vəsaiti, faktiki olaraq depoziti istədiyi kimi xərcləyən, buna görə vətəndaşa divident verməyən bir qurumdur – yuxarıda qeyd etdiyim problemlər çözülməsə maaş-təqaüdlərin artımı növbəti dəfə vətəndaşların xeyr kimi deyil də, qiymət artımı yükü kimi geri dönəcək..."
 

Xəbər xətti