“Nahaq elə deyib, gərək elə deməyərdi” - Anar

21:00 - 2 Noyabr 2022 - Müsahibə

"Əlbəttə, heç bir jurnalisti, ümumiyyətlə, heç kim heç kimi təhqir etməli deyil və elə sözlər deməməlidir".

Ucnoqta.az xəbər verir ki, bu sözləri xalq yazıçısı, AYB sədri Anar “teleqraf.com” müsahibəsində ali yığıncaqa ayrılmış pulla bağlı KİV-də yaranmış qalmaqalı şərh edərkən deyib. "Amma bizdə qəribə bir hal var ki, jurnalist yazıçıları, ağsaqqalları təhqir edə bilər, onlar haqqında yalan, böhtan yaza, haqqında ən pis sözləri işlədə bilər, amma o adam gözün üstə qaşın var deyirsə, deməli, jurnalistlərə təhqirdir. Niyə?! Niyə jurnalist Fikrət Qoca sağ ola-ola yaza bilər ki, "Hələ Fikrət Qoca ölməyib?" və heç kəs buna etiraz etmir.

Həmin şəxsin jurnalist deyil, yazıçıdı sualına isə lap yazıçı olsun cavabını verib: 
"Fikrət Qoca böyük şair idi, ürək əməliyyatı keçirmişdi, oğlunu, qardaşını itirmişdi. Belə bir vaxtda yaşlı adama “Fikrət Qoca hələ ölməyib” demək etikadır?! Jurnalistikadır? Xeyr. Biz bunu deyəndə deyirlər ki, niyə bizi təhqir edirsiniz?!

Mənim haqqımda nələr yazmayıblar. Elə deyirsiniz, Çingiz filan sözü deyib. Düzü, mən dəqiq bilmirəm, hansı ifadəni işlədib.

AYB sədri Çingiz Abdullayevin “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən” cavabına isə təəssüfləndiyini bildirib:

"Nahaq elə deyib, gərək elə deməyərdi. Mənim haqqımda da yazırlar ki, “Anar nə vaxt öləcək?” Onlara nə deyim? Deyim ki, yaxşı edirsiniz? Gərək jurnalistin də mərifəti, tərbiyəsi olsun. Jurnalist olanda nə olar?! Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə də jurnalist olub. Jurnalistikamızın böyük ənənələri var. Nəcəf Nəcəfov kimi namuslu jurnalistimizi yada salaq.

Jurnalistlər arasında çoxlu dostlarım var, amma bu o demək deyil ki, jurnalist olduğuna görə "babam mənə kor deyib, gəlib gedəni vur" deyib prinsipiylə hərəkət etməlisən.

Qurultaya ayrılmış 203 min manatın necə xərcləndiyi suala isə belə cavab verib:

"Mən maliyyə məsələlərinə qarışmıram, onunla əsasən Çingiz Abdullayev məşğul olur. Çingizlə 34 ildir işləyirik, ona inanıram, bir qəpiyə də söz ola bilməz. Çingizin nə ehtiyacı var?! O, hamıdan da dövlətli yazıçıdır. Suala baxın, deyir ki, 203 min hara xərclənib? Qurultaya maliyyəni Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə qədər hesabatını verəcəyik.

Ölkəmizə xarici qonaqlar gəldi, beş-altı ölkədən gələn qonaqların biletlərini, otel xərclərini hesablayın. Rayonlarımızdan gələn yazıçıların yol pulları verildi. Sual verən deyir ki, xərclənən pulun nəticəsi zalda görünmür. Zalda necə görünə bilər? Zalda qəlyanaltı, qəhvə və çay təqdim edildi. Şampan, şərab da qoyardıq, qara kürü də verərdik?.. O zaman görünəcəkdi ki, pulu hara xərcləmişik?!

Ona görə məntiqsiz suallar adamı çilədən çıxarır, əsəbləşdirir. Əsəbləşəndə də Çingiz kimi bir az köntöy cavab verirsən".

Xəbər xətti