Ümumdünya Bankı bu il enerji qiymətlərinin 60 faiz artmasından sonra 2023-cü ildə 11 faiz ucuzlaşmasını gözləyir. Eyni zamanda, qlobal artım tempinin yavaşlaması və Çində koronavirusla əlaqədar məhdudiyyətlər daha dərin tənəzzülə səbəb ola bilər.
Ucnoqta.az Reuters agentliyinə istinadən xəbər verir ki, Ümumdünya Bankı son hesabatında “Brent” markalı neftin barrelinin 2023-cü il üçün orta qiymətini 92 dollar, 2024-cü ildə isə 80 dollar həcmində proqnozlaşdırıb. Lakin “qara qızılın” beş illik orta göstəricisi 60 dollardan yuxarı olacaq.
Hesabatda deyilir ki, Avropa İttifaqının Rusiyadan neft və qaz məhsullarının tədarükünə tətbiq etdiyi embarqo, həmçinin dekabrın 5-dən qüvvəyə minəcək sığorta və daşınma məhdudiyyətləri səbəbindən bu ölkədən neft ixracı gündəlik 2 milyon barelə qədər azala bilər.
Həmçinin G7 ölkələrinin Rusiya neftinin qiymətləri ilə bağlı təklif etdiyi məhdudiyyət də neft axınına təsir göstərəcək. Ümumdünya Bankının hesabatına görə, dolların möhkəmlənməsi və inkişaf etməkdə olan əksər ölkələrdə valyutaların dəyər itirməsi ərzaq və yanacaq qiymətlərinin artmasına səbəb olub ki, bu da dünyada 200 milyon insanı əhatə edən ərzaq təhlükəsini daha da gücləndirə bilər. Enerji daşıyıcılarının qiymətinin ucuzlaşmasına baxmayaraq, qiymətlər hələ də son beş ilin orta səviyyəsindən 75 faiz yuxarı olacaq.
Həmçinin qeyd olunur ki, 2023-cü ildə təbii qaz və kömür qiymətləri cari ildə qeydə alınan rekord həddən aşağı düşəcək. Lakin 2024-cü ilədək Avstraliyada hasil edilən kömürün və ABŞ-da çıxarılan qazın qiyməti yenə də son beş ilin orta göstəricisindən iki dəfə yüksək olaraq qalacaq.