“Bəzən sual verirlər ki, sülh sazişinə qol çəkəndə hər şey bitəcəkmi? Yox, əksinə, hər şey yenidən başlayacaq”.
Ucnoqta.az xəbər verir ki, bu sözləri “ARB24” kanalında yayımlanan “İş vaxtı” proqramında çıxışı zamanı siyasi şərhçi Zaur İbrahimli deyib.
Praqa görüşünün gündəliyini şərh edən siyasi şərhçi deyib ki, sülh quruculuğu ilə bağlı indi heç nə başlamayıb:
“Sərhəddə delimitasiya və demarkasiya olunmayıb, habelə işçi qrupların tərkibi formalaşdırılmayıb. Sadəcə tərəflər arasında müzakirə gedib, amma hələlik heç nə başlamayıb. Başlamaq üçün mütləq sülh sazişi imzalanmalıdır. Yəni baza parametrləri müəyyənləşdirilməlidir və o sülh sazişində konkret tələblər qoyulmalıdır”.
Z. İbrahimli düşünür ki, hazırda prosesə başlamaq üçün çox əla bir fürsət yaranıb:
“Ermənistan Baş nazirinin həm Ermənistanın İctimai TV-sinə verdiyi müsahibə, həm də parlamentdəki dünənki bəyanatları belə deməyə əsas verir ki, ermənilər rasional mövqeyə yaxınlaşırlar. Demirəm ki, qəbul edirlər, amma yaxınlaşırlar.
Özü də müharibədən sonra Azərbaycan 2 antiterror əməliyyatı keçirib və bundan sonra Azərbaycanın mövqeyi aydın olub. Pafoslu sözləri bir tərəfə qoysaq, Azərbaycanın haqq işi dünyada görünür”.
Mütəxəssis açıqlamasında bildirib ki, əgər Ermənistan sərhədi delimitasiya və demarkasiya etmirsə, deməli, sərhəd yoxdur:
“Azərbaycan Ermənistan sərhədi 1,071 km-dir. Onun 400 km-dən çoxu demarkasiya və delimitasiya olunmayıb. Yəni sərhədlər harada keçir, harada başlayır, bu bilinmir. Ermənistan üçün çox ciddi çağırış yaranır ki, bu sərhədlər yoxdur. Sərhədləri müəyyənləşdirmək isə ilk növbədə, Ermənistanın marağına olmalıdır.
Ona görə də deyirəm ki, Praqa prosesi bir test olacaq. Əgər doğrudan da, Paşinyan iqtidarı əvvəlki kimi öhdəliklərin icrasından imtina edəcəksə, onlar müharibə yolunu seçəcəklər. Azərbaycan da öz ərazi bütövlüyü və suverenliyini qorumaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, hərbi imkanlara əl atacaq. Ermənistanın bu cür davranışı Azərbaycana başqa yol qoymur”.