Müəllimlik sənəti şərəfli bir sənətdir

14:40 - 5 Oktyabr 2022 - Cəmiyyət

Dünyada müəllimlik peşəsinə sahib milyonlarla insan var. Daha dəqiq rəqəmlərlə desək dünya əhalisinin təxminən 85 milyonu müəllimdir. Digər sahələr ilə müqayisədə bu həqiqətən də böyük bir göstəricidir. Ta qədim zamanlarda tanınmış filosofların belə özləri kimi müəllimləri olub və tələbəsi müəllimindən çox tanınan, dünya tarixinə iz buraxmış saysız nümunələr gətirə bilərik. Bəlkə də müəllim adını şərəfli edən ən əsas meyar da helə budur - qarşılıq güdmədən öyrətmək!

Kəmiyyət çoxaldıqca keyfiyyətin aşağı düşməsi hər kəsə məlumdur. Böyük təəsüf hissi ilə bildirmək istərdik ki, bu yanaşma özünü müəllimlik sahəsində də göstərir. Müəllim sayı çox, amma peşəkar, işini sevən, həqiqətən öyrətməyi bacaran, yəni fitri pedaqoji bacarığı olan isə azdır. Amma belə bir paradoks cəmiyyətin həm xeyrinə, həm də zərərinə ola bilər. Ya yalnış insan sizin övladınızın təlim, tərbiyə və təhsili ilə məşğul olacaq, bu da mənfi nəticələr ilə sonlana bilər. Ya da ki, düzgün seçim parlaq qələbə ilə sonlanacaq və əsl müəllim həmişə dəyərli, müəllimlik peşəsi də şərəfli olacaq.

Bəs əsl müəllim necə olmalıdır?

Təəsüf doğuran bir şablon yanaşma var: "Müəllimin yaşı və pedaqoji fəaliyyətinin çoxluğu onun peşəkar təcrübəsini göstərir". Bir düşünün ki, hər hansı fənni tədris edən müəllimdir, 50 yaşı var, 30 ildir ki, orta məktələrdə, kolleclərdə, universitetlərdə dərs keçir və təcrübəli kadr adını daşıyır. Digər müəllim isə 28 yaşındadır, 5 ildir ki orta məktəbdə dərs keçir. İlk baxışda hamıya görə 50 yaşındakı şəxs əsl müəllim, 28 yaşındakı isə el dili ilə desək hələ "uşaqdır". Amma gəlin məsələyə başqa rakursdan yanaşaq. O, 50 yaşındakı müəllim əgər 28 yaşındakı müəllim kimi təhsildə innovasiyaları, XXI əsrin tələbatlarına uyğun dərs metodunu araşdırmırsa, ixtisasında 30 ildəki dəyişiklikləri nəzərə almırsa, yeni nəslin dünyasına daxil ola bilmirsə, hər gün dərsdən öncə öz üzərində işləmirsə biz ona necə əsl müəllim deyə bilərik?! Əminəm ki, çoxları bu fikri təkzib edib, öz arqumentlərini üst səviyyəyə qaldırmağa çalışacaq. Amma qəbul etmək lazımdır ki, tonlarla kitab bilgisi və hər gün tədris prosesində qazanılmış təcrübə cəmiyyətə şəxsiyyət bəxş etdirmək üçün kifayət deyil. Bu, o zaman yetərli ola bilər ki, qazanılan bilgilərin ən vacibi və düzgün formada istifadə edilsin.

Deməli əsl peşəkar müəllim hər zaman yeni nələrsə öyrənməlidir. Bəlkə də dünyada yeganə peşədir ki, burada stabillik yalnız süqutdur. Çünki, dövr dəyişirsə dünya da dəyişir, dünya dəyişirsə cəmiyyət də dəyişir, cəmiyyət dəyişirsə onun fərdlərinin baxışı da dəyişir. Əsl müəllim olmaq əslində böyük bir mübarizədir, daim yeniliklər ilə silahlanıb, keçmiş biliklərini inkişaf etdirməkdir.

Müəllimin qarşısındakı şagirdi, tələbəni öyrətməyi üçün sevməyi və bu sevgini ötürməyi də əsas şərtlərdən biridir. İnsan nəyisə sevməsə onu ürəksiz etdiyi kimi, öyrənən də həm öyrəndiyini, həm də onu öyrədəni sevməlidir. Ona görə də öyrədən və öyrənən arasında simpatiya vacib amildir.

Çox şükür ki, müəllim ordusu arasında bizlərə daim yol göstərən, bilikləri ilə bizim savadımızı artıran, müasir dövr ilə uzlaşan əsl müəllimlərimiz də var. Gənc müəllimlər hər zaman özlərinin peşəkar müəllimlərindən nümunələr götürürlər.

"Müəllimlik sənəti şərəfli bir sənətdir." - Heydər Əliyev

Müəllimlik peşəsinin dəyərini göstərən bundan gözəl bir cümlə ola bilməz. Çünki, hansı sahədə olmağından, milliyyətindən, cinsindən, irqindən asılı olmayaraq hər kəsin müəllimə ehtiyacı var.  Düşünürəm ki, çətin peşə olmasına baxmayaraq milyonlarla insanın məhz müəllim olmasının səbəbi digər fərdlərin həyatına işıq salıb günəş şəfəqləri ilə işıqlandırmaq istəyidir.  Müəllim gələcək nəslin, yəni özünün davamçılarının həm təlim, tərbiyə, həm də qazanacağı savadına görə məsuliyyət daşıyır.

Ümidvaram ki, hər bir müəllim qarşısındakı fərdi cəmiyyət üçün şəxsiyyət kimi yetişdirib, Azərbaycan Respublikasına layiqli vətəndaş qazandıracaq. Bütün müəllim kollektivinə fəaliyyətində uğurlar arzulayıb, belə şərəfli adı daşıdıqları üçün təbrik edirəm.

Elnurə Cəfərzadə,
Lənkəran şəhər A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbinin ingilis dili müəllimi

Xəbər xətti