Laçın yolunda hansı təxribatlar ola bilər?

16:02 - 9 Avqust 2022 - SİYASƏT

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə son çıxışlarından birində ermənilərin Laçın və ətraf kəndlərini boşaldacağını bildirmişdi. Paşinyan anlayırdı ki, Azərbaycan alternativ yolu tamamladıqdan sonra 2020-ci il 9 noyabr bəyanatında görə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılmasını tələb edəcək. Bu zaman yetişdi.

Buna baxmayaraq, Paşinyan Ermənistan tərəfdən Azərbaycanla sərhədə yolun çəkilişini ləngidirdi. Paşinyan Azərbaycan ərazisindəki alternativ yolu Ermənistanla birləşdirəcək yolun tikintisini radikal müxalifətin mümkün etirazına görə ləngidirdi.

Ancaq artıq Ermənistan hökumətinin qəraryıla alternativ yolu Ermənistana birləşdirəcək yolun tikintisinə başlanılıb.
Paşinyanla yanaşı Qarabağdakı erməni separatçılarının lideri Araik Arutunyan da Laçın şəhərinin, ətraf kəndlərin və uzun illərdir dəhliz kimi istifadə etdikləri yolun boşaldılması zərurətini anlayır.

Təsadüfi deyil ki, Araik Arutunyanın təlimatıyla ermənilərə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılması tapşırılıb. Orada yaşayan ermənilərə o da tapşırılıb ki, yaşayış yerlərini yandırmasınlar. Çünki erməni separatçıları da anlayır ki, Kəlbəcərdə olduğu kimi Laçında da yanğınların törədilməsi onlar üçün vəziyyəti daha da gərgniləşdirə və bu Azərbaycan ordusunun növbəti anti-terror əməliyyatına şərait yarada bilər. Erməni separatçılarının Kəlbəcər istiqamətində olduğu kimi Laçın və ətraf kəndlərə gedən yolların minalanması da baha başa gələcək. Bu halda erməni separatçılarının alternativ yoldan istifadəsi çətinləşəcək.

Alternativ yola keçid zamanı Laçın şəhəriylə yanaşı Laçının bütün kəndləri işğaldan azad olunacaq. Alternativ yolun ətrafında kənd və qəsəbə yoxdur.
Laçın şəhərinin və rayonunun azad olunması və orada Azərbaycan ordusunun möhkəmlənməsi Qarabağ separatçılarının mühasirəsini daha da daraldacaq və əgər separatçılar tərksilah barədə qərar verməzlərsə, bu növbəti anti-terror əməliyyatlarına şərait yaradacaq.
Digər tərəfdən Nikol Paşinyanın Qərbi Zəngəzurda dəhlizə şərait yaratmaması Qarabağla Ermənistanı birləşdirəcək alternativ yolun sonunda Azərbaycan sərhəd və gömrük postunun yaradılmasını sürətləndirəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Xəbər xətti