"Azərbaycanın daxilində antiterror əməliyyatları bizim təbii haqqımızdır" - Millət vəkili

19:04 - 3 Avqust 2022 - SİYASƏT

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Laçın istiqamətində Azərbaycan Ordusu bölmələrini atəşə tutması, bir əsgərimizin şəhid olması təəssüf və hiddət doğurur.

Ucnoqta.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib. Deputat bildirir ki, bir müddət öncə Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı xəbərdarlıq etmişdi ki, "Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Ancaq biz mənfi meylləri görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın". Bu çox geniş spektorlu bir xəbərdarlıq idi və yalnız Ermənistana yönəlməmişdi: 

"Bu mənada separatçılar da, Ermənistan da , Rusiya sülhməramlıları da bu xəbərdarlıqdan dərs çıxarmalı idi. Müşavirədə cənab İlham Əliyevin dediyi kimi, artıq hər kəs başa düşməlidir ki, "Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!". İndi yeni təxribatların və bir hərbçimizin şəhadəti fonunda başa düşsünlər ki, bağlanmış Qarabağ mövzusu açılmayacaq, Ermənistan təxribatları davam edərsə biz artıq yeni mövzuları, Qərbi Zəngəzur, Göyçə və İrəvan mövzularını açmalı olacağıq. Buna gücümüz də, imkanımız da, nüfuzumuz da artıqlaması ilə yetər". 

Bəhruz Məhərrəmovun sözlərinə görə, bütün dünya Azərbaycanın, sülh niyyətindən xəbərdardır və hətta 2 ay öncə Bayden də məktubunda, qısa müddət əvvəl isə Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken telefon söhbətində Prezident İlham Əliyevin sülh və təhlükəsizliyə yönəli səylər yüksək qiymətləndirmişdilər: 
"Bu mənada, əgər Dəmir yumruq dövriyyəyə girərsə, bu BMT nizamnaməsi başda olmaqla Beynəlxalq hüquqla bizim özünümüdafiə hüququmuz olmaqla Ermənistanın sonunu gətirəcək. Separatçılara gəlincə, Azərbaycanın daxilində baş qaldıran separatizmlə mübarizə, antiterror əməliyyatları bizim təbii haqqımızdır və ümumiyyətlə beynəlxalq hüququn mövzusu deyil. Qarabağdakı yolunu azmış erməni vətəndaşlarımız isə prezident İlham Əliyevin onlara verdiyi tarixi şansdan maksimum yararlanmalı, Azərbaycan xalqının digər nümayəndələri ilə birlikdə inkişaf və tərəqqinin bir hissəsi olmağa çalışmalıdırlar".

"Bir daha şəhid olan hərbçimizə rəhmət, onun ailəsinə və yaxınlarına səbir diləyir və bildirmək istəyirəm ki, bu gün Laçın rayonu istiqamətində ordumuzun gördüyü müvafiq tədbirlərlə Anar Kazımovun qisası dərhal və misli ilə alınıb. Əməliyyat şəraitinə istisnasız olaraq Azərbaycan hərbçiləri nəzarət edir və ordumu Müzəffər Ali Baş Komandanın istənilən əmrinə hər an hazırdır" - millət vəkili qeyd edib.

Xəbər xətti