Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tətbiqi, bir çox sahələrdə olduğu kimi, ölkəmizin aqrar sektorunun da inkişafında mühüm rol oynayacaq.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov strategiyadan irəli gələn məsələlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- Azər müəllim, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası aqrar sektorun inkişafında, ölkənin ərzaqla təminatında nə kimi rol oynayacaq?
- Son illər ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılıb, makroiqtisadi sabitlik təmin edilib və nəticə etibarilə Azərbaycan qlobal böhrandan ən az təsirlənən ölkələrdən birinə çevrilib. Uğurlu iqtisadi və siyasi əsaslar üzərində inkişaf edən dövlətimiz postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu da gələcək çağırışlara hazır olmaq üçün yeni hədəflərin müəyyənləşdirilməsini aktuallaşdırıb. Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qəbul olunub, bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanıb və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilib.
Strategiyanın icrası ölkəmizdə dayanıqlı və rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsinə yol açmaqla qarşıdakı dövrdə aqrar sektorun dayanıqlı inkişafı üzrə sahəvi dövlət proqramlarının həyata keçirilməsinə təkan verəcək. Strategiyanın uğurlu icrası sayəsində kənd təsərrüfatının hər il 4 faiz artacağı hədəflənir. Təbii ki, bu da aqrar istehsalın və emalın iqtisadi göstəricilərdəki payını artıracaq, nəticədə bu gün üçün ən aktual mövzu olan ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlara hazır olmağımıza imkan yaradacaq.
- Ərzaq təminatı sahəsində sahibkarlıq fəaliyyəti yetərincə genişlənə bilirmi? Strategiyanın icrası bu sahəyə hansı töhfələr verə biləcək?
- Təbii ki, bu istiqamətdə uğurlara nail olunub. Kənd təsərrüfatı sahəsində həyata keçirilən iqtisadi islahatlar, stimullaşdırıcı tədbirlər bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına təkan verib. Bu gün qeyri-neft məhsullarının ixracının tərkibində kənd təsərrüfatı məhsullarının üstünlük təşkil etməsi bu inkişafın göstəricisidir. Strategiyada ərzaq istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin artırılması nəzərdə tutulur. Sahibkarlıq subyektləri əhalinin tələbatına uyğun ərzaq təminatının həyata keçirilməsi üçün idxalla da məşğuldur.
- Ölkə üzrə ərzaq təminatı xəritəsinin hazırlanmasının əsas hədəfi nədən ibarətdir?
- Strategiyada aqrar sahə üzrə nəzərdə tutulmuş istiqamətlərdən biri də ölkə üzrə ərzaq təminatı xəritəsinin hazırlanmasıdır. Bu, sahibkarların ölkədə mövcud ərzaq tələbatı haqqında məlumatları vaxtında əldə etməsinə və istehsal proseslərini mövcud tələbə uyğun formalaşdırmasına imkan verəcək. Ərzaq təhlükəsizliyinin də təmin olunmasında ərzaq təminatı xəritəsinin əhəmiyyətli rolu olacaq. Belə ki, 2022‒2026-cı illərdə idxal və yerli istehsala əsaslanan ərzaq zənciri üzrə təchizat xəritəsinin tətbiqi proqnozların və hədəflərin daha düzgün müəyyənləşdirilməsinə yol açacaq.
- Hazırda Azərbaycanda aqrar sahənin istehsal və emal sektorunda idxaldan asılılıq hələ də qalmaqdadır. Sizcə, yeni strategiyanın icrası bu amilin aradan qalxmasına nə kimi təsir göstərəcək?
- Son illər kənd təsərrüfatının inkişafındakı uğurun nəticəsidir ki, artıq ərzaq məhsulları ilə özünütəminetmə faizi yüksəlməyə doğru gedir. Əsas istehlak səbətinə daxil edilən ərzaq mallarına olan tələbatımız əsasən yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, idxaldan asılılığımız da aktual olaraq qalmaqdadır. Strategiyada yerli emal sənayesinin inkişafının genişləndirilməsi və yerli istehsalın tərkibində olan komponentlərin idxalına vergi və gömrük güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Sahibkarlığa dəstək məqsədilə qəbul edilmiş dövlət proqramlarının icrası və emal sənayesinin dirçəldilməsi yaxın illərdə idxaldan asılılığımızı kifayət qədər azaldacaq. Strategiyada nəzərdə tutulmuş hədəflərin icrası mövcud resurslardan daha səmərəli istifadə edilməsinə yol açacaq və ərzaq malları ilə özünütəminetmə faizi yüksələcək.