Yanacağın bahalaşması avtomobil almaq istəyənləri ekoloji təmiz maşınlara yönəldib. Ekspertlər deyirlər ki, artıq elektrik mühərrikli və hibrid avtomobillərə ölkəmizdə tələb artmaqdadır. Bununla belə dizel mühərrikli avtomobillərin də ölkəyə gətirilməsində ciddi artım gözlənir.
Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qalxması ekoloji təmiz avtomobillərə tələbi artırıb. Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, xüsusilə son günlər bu növ nəqliyyat vasitələri alanların sayı çoxalıb. Çünkü bu nəqliyyat vasitələri qismən yanacaqla işləyir və digər avtomobillərlə müqayisədə sərfiyyatı aşağı hesab edilir. Bununla yanaşı dizel mühərrikli avtomobillərə də tələb çoxalıb.
Mövcud qaydalara görə, elektrik mühərrikli və istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır. Ancaq ekspert hesab edir ki, bu həvəsləndirici addımlar kifayət deyil və belə addımlar davam etdirilməlidir.
Ekspert onu da bildirdi ki, hələlik daxili bazarda payız aylarına qədər avtomobillərin qiymətinin qəfil yüksəlməsi və yaxud enməsi gözlənilmir.