"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının hələ də bitmədiyini və ötən ayla müqayisədə dünyada koronavirusa yoluxma halının təxminən 30 faiz artdığını açıqlayıb. ÜST ABŞ və Avropada “omikron” ştamının yeni növlərinin üstünlük təşkil etdiyini bildirib".
Ucnoqta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Afaq Əliyeva risk qrupuna daxil olan vətəndaşlara gigiyenik qaydalara ciddi şəkildə əməl etmələrini tövsiyə etdiyini bildirib:
"İki ildən artıq davam edən pandemiya müddətində ölkədə fəaliyyət göstərən səhiyyə qurumlarının COVID-19 infeksiyası ilə mübarizə tədbirləri nəticəsində virusun ölkə əhalisinin sağlamlığına mənfi təsiri minimum həddədi. Hazırda COVID-19-a yoluxmuş insanların bir çoxunda xəstəlik əsasən yüngül formada keçir. Amma risk qrupuna daxil olanlar şəxslərdə xəstəlik nisbətən ağır keçə bilər. Ona görə bu vətəndaşlara tövsiyə edirəm ki, gigiyenik qaydalara ciddi şəkildə əməl etsinlər, koronavirusun ilkin simptomlarını hiss etdikləri təqdirdə dərhal sahə həkimi ilə əlaqə saxlasınlar. Eyni zamanda, sosial məsafəni qorumağı, ictimai yerlərdə isə qoruyucu maska və antiseptik məhsullardan istifadə etməyi unutmasınlar. Həmçinin zərurət yaranmadığı halda qapalı məkanlardan mümkün qədər uzaq olmağı məsləhət görürəm.