Tanınmış aparıcı İlkin Həsəni özünün "Facebook" hesabında video yayımlayaraq Daxili İşlər Nazirliyinə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, aparıcı müraciətdə ailə üzvlərindən birinin təhqirlərə məruz qaldığını bildirib:
"May ayının sonunda ailə üzvlərimdən birinin başına şəhərin mərkəzində xoşagəlməz hadisə gəlib. Bir xanım durduq yerdə təhqirlər edib, alçaldıcı hərəkətlərə yol verib. Məsələ ilə bağlı DİN-in 102 xidmətinə müraciət edib şikayətimizi bildirmişik. Çox təəssüf ki, 50 gün keçməsinə baxmayaraq, o xanım hələ də nə tapılıb, nə də bu haqda bizə bir məlumat verilib. Yaxın günlərdə yenidən 102 xidmətinə bu barədə müraciət etdim. Məsələnin həllini tapılacağına söz verilsə də, görünür ki, məsələ həllini tapmır. Ona görə də, məcbur qalıb bu şəkildə müraciət edirəm".
İlkin Həsəni qeyd edib ki, həmin xanımın nömrəsi də, iş yeri də, yaşadığı yer də, avtomobil və mobil nömrəsi də bəllidir.
"Sadəcə olaraq, etik normalara görə, onun kimliyi barədə burada məlumat vermirəm. Amma görsəm ki, heç bir nəticə yoxdur, kimliyini açıqlayacağam. Ümid edirəm ki, bu videodan sonra məni qoruyan polisim hərəkətə keçəcək və tərbiyəsizlik etmiş o xanım tapılacaq".