Ruslar 22 min dinc sakini öldürüb, faşistlərdən daha çox bəla törədiblər
Ucnoqta.az xəbər verir ki, Mariupolda 20-22 minə yaxın insan kütləvi məzarlıqlarda basdırılıb. Bu barədə ümumukrayna telemarafonunda Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib. "Bizim hesablamalarımıza görə, bu gün artıq 20-22 minə yaxın insan kütləvi məzarlıqlarda basdırılıb. Dağıntılar altında daha neçə nəfərin olduğu məlum deyil", - Andryuşşenko bildirib.
O əlavə edib ki, rusların heç biri ölənlərin cəsədlərini axtarıb tapmaqda və kimliyini müəyyənləşdirməkdə o qədər də maraqlı deyillər. "Onlar sadəcə hər şeyi dırmıqlayıb zibilxanaya aparırlar. Düzünü desək, bu şəkildə çıxarılanların hamısını biz heç vaxt tanımayacağıq. Və biz onları heç vaxt tapa bilməyəcəyik", - Andryuşşenko bildirib.
Mariupol şəhərinin meri Vadim Boyçenko isə daha əvvəl bildirmişdi ki, rus işğalçıları 22 mindən çox Mariupol sakinini öldürüb. “Bu, İkinci Dünya Müharibəsi zamanı faşistlərin 2 il işğal altında saxladıqları şəhərdə öldürdüklərindən iki dəfə çoxdur”. Onun sözlərinə görə, Mariupol ətrafında kütləvi məzarlıqların sayı artır.
"Hündürmərtəbəli binalarımızın 50 faizini dağıdıblar, yəni külə çeviriblər. İşğal altında olan 2 il ərzində faşistlərdən də çox bəla törədiblər. Xatırladım ki, 1941-ci ildən 1943-cü ilə qədər faşistlər tərəfindən 10 mindən bir qədər çox insanı öldürülüb”, - Boyçenko bildirib.