Azərbaycanın şəhid jurnalistlərinin anım günüdür

10:30 - 4 İyun 2022 - Cəmiyyət

Bu gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür.

Ucnoqta.az xəbər verir ki, ötən ilin bu günü Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşüb.

Nəticədə üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda,valideynlərinin yanında dəfn edilib.

Ailəli idi, iki övladı var.
Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bir övladı olan S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra S.Abışov Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xəbər xətti