Ailələrin gəlirləri azalıb, qarşılıqlı münasibətlər zəifləyib

11:03 - 29 Aprel 2022 - Cəmiyyət

Problemlər özünü istər cəmiyyətdə, istərsə də ailədə qadınlara qarşı zorakılıqda, aqressivlikdə göstərir

Bu gün qadınların problemləri həddindən artıq çoxdur. Bəzi hallarda cəmiyyətdə qadınların qabiliyyət və bacarığı nəzərə alınmır. Kifayət qədər savadlı və qabiliyyətli qadınlar var ki, ictimai-siyasi proseslərdən kənarda qalıblar. Onlara qarşı hörmət, ehtiram ənənələri unudulur. Bunun da kökündə iqtisadi, siyasi, sosial məsələlər durur. Xüsusilə, COVİD-19-la əlaqədar tətbiq edilmiş məhdudiyyətlər nəticəsində ailələrin gəlirləri azalıb, qarşılıqlı münasibətlər zəifləyib. Bu problemlər özünü istər cəmiyyətdə, istərsə də ailədə qadınlara qarşı zorakılıqda, aqressivlikdə göstərir, onların arasında bədən xəsarətləri, psixi zədə alanların və intihar edənlərin sayını artırır.

Ailədaxili münaqişələr çox vaxt ölümlə nəticələnir

Azərbaycanda qadın hüquqları əksər hallarda ailə üzvləri tərəfindən pozulur. İstər pandemiya, istərsə də əvvəlki dövrlərdəki araşdırmalar göstərir ki, onları öz evlərində ərləri və ya digər ailə üzvləri hədə-qorxu gəlir, zorlayır, şantaj edir və ya öldürür, fiziki və seksual zorakılıqlara məruz qoyurlar. Ailə üzvləri zərif məxluqları qorumalı, müdafiə etməli olduqları halda, özləri zorakılığı törədən əsas tərəf olurlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili də göstərir ki, qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4 faizdir. Qadınların 12,1 faizi keçmiş həyat yoldaşları, 11,9 faizi isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar. Zorakılığın da əksəriyyəti ölümlə nəticələnir. Məsələn, 2020-ci ildə ölkədə məişət zorakılığı zəminində 41 qadın həlak olub. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz faiz artıb. Ötən il öz həyat yoldaşları və ya digər kişi ailə üzvləri tərəfindən öldürülən qadınların sayı isə 70 olub.

Cinayət etmiş canilər qətlə yetirdikləri qadınları ittiham etməkdən çəkinmirlər

Burada bir maraqlı məqam da var. Baş verən qətllər və cinayətlər zamanı həbs olunanların məhkəmə proseslərində müttəhimlər qətlə yetirdikləri qadınları ittiham etməkdən çəkinmirlər. Məhkəmələrdə bacısını və ya arvadını öldürmüş məhkumların böyük əksəriyyəti bunun səbəbini qızların və qadınların davranışının qeyri-əxlaqi olması ilə əsaslandırırlar. Təəssüflə qeyd etməliyik ki, ailə-məişət və digər zəmində baş verən münaqişələrin, cinayətlərin 60-70 faizi isə azyaşlı və yeniyetmə uşaqların gözü qarşısında baş verir. Pandemiya dövründə belə dəhşətli hadisələrdən biri Bakıda baş verib. Hadisə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb. İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanın onun tərəfindən döyülməsi ilə əlaqədar müraciətinə baxıldığını öyrənib. O, aparılan araşdırma gedişində izahatı alınarkən həyat yoldaşını azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

Başqa bir cinayət hadisəsində isə “xəyanət” əsas səbəb göstərilib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şəhriyar Ələsgərov deyib ki, həyat yoldaşı Ləman Ələsgərovanı xəyanətə görə qətlə yetirib: "Usta idim. Uşaqlarıma özüm baxırdım. Ləman tez-tez evdən gedirdi. O, sərbəst yaşamaq istəyirdi. Ləmanın xəyanətlərini çox tutmuşdum. Ona mane olmamaq üçün suyuma narkotik atıb məni tutdurmaq istəyirdi. Sonra onu xəyanət etdiyinə görə öldürdüm. Mən narkotik istifadəçisi olmamışam. Ona neçə bıçaq zərbəsi vurduğum yadımda deyil".

Belə qətllər zamanı cinayətkarlara heç bir haqq qazandırmaq mümkün deyil. Çünki, bu qətl nəticəsində uşaqlarının ümid yeri olan bir ana dünyasını dəyişir, uşaqların keçirdiyi psixoloji sarsıntını və onun yaddaşında buraxılan bu qanlı izi isə heç nə ilə silmək mümkün deyil. Əslində, həmin hadisələrin əksəriyyətində əxlaqsızlıq motivi sonradan heç də öz təsdiqini tapmır. Görünür, müxtəlif səbəblərdən cinayət etmiş cani bu yolla özünü təmizə çıxarmaq istəyir.

Hər gün təhqir olunan, döyülən, əzab-əziyyət verilən qadınlar da bəzən advekat addımlar atmalı olurlar. Bir gün bezərək əxlaqsız, içki düşkünü ərini, atasını və ya qardaşını öldürmək məcburiyyətində qalırlar. Məsələn, yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E. Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

Qadınların fəal müdafiəsi təşkil olunmalıdır

Azərbaycanda həm fiziki və psixoloji zorakılıq faktlarından və erkən nikahdan əziyyət çəkənlər, həm də cinsi zorakılığın və insan alverinin qurbanları kifayət qədərdir. Zorakılıq qurbanlarının əksəriyyəti cəmiyyətdə etibarlı rəsmi, yaxud ictimai dəstək tapmadığından susmağa üstünlük verir, polisə müraciət edilmədiyindən konkret faktla bağlı cinayət işləri də açılmır. Bəzən də baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis və ya digər orqanlara məlumat verilir. Belə olan halda mənəvi-psixoloji yardıma ehtiyacı olan bu qadınları yaxınları belə qəbul etməkdən imtina edir. Gender bərabərsizliyi isə bütövlükdə cəmiyyətə zərbə vurur. Bu, qadınların məhsuldar məşğulluğa cəlb edilməsinə və qızların məktəbə getməsinə mane olur.
Zorakılıq qadınları müdafiəsiz cinsi əlaqələr qarşısında daha zəif edir və müxtəlif xəstəliklərin daha geniş yayılmasına səbəb olur. Bütün bunlar ailə, xüsusilə də gələcək nəsillər üçün dərin və sağalmaz sarsıntıya gətirib çıxarır. Gender əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının pandemiya vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etməyi günün vacib məsələlərindən birinə çevirir. Məsələyə münasibət bildirən vəkil Xəyal Bəşirov bildirir ki, qadınlara qarşı həm ailədə həm də cəmiyyətin digər müstəvilərində baş verən zorakılıq hallarının müəyyənləşdirilməsi və bunlarla bağlı mübarizənin qanuniləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biri 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasıdır. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Qanunun 10-cu maddəsi zərərçəkmiş şəxslərə mühafizə orderinin verilməsini nəzərdə tutur. Zərər çəkmiş şəxsə-istər qadın, istərsə də kişiyə - qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Qeyd edək ki,  “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qüvvəyə minsə də, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə bağlı müddəa 2 il işləmədi. Çünki “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası"nı Nazirlər Kabineti yalnız 2012-ci ilin fevralında qəbul etdi. Beləliklə, məişət zorakılığına məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb. 2014-cü ildə Azərbaycanda zorakılığa məruz qalan 3, 2015-ci ildə isə 6 nəfərə uzunmüddətli mühafizə orderi verilib. 2016-cı ildə 7 nəfərə mühafizə orderi verilib ki, onlardan 3-ü qısa, 4-ü uzunmüddətli olub. 2017-ci ildə isə 24 uzunmüddətli, 10 qısamüddətli order verilib.  Pandemiya dövründə isə verilən mühafizə orderlərinin sayı artıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2020-ci il ərzində ümumilikdə, 40 mühafizə orderi verilib. Onlardan 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. 2021-ci ilin 9 ayı ərzində ümumilikdə, 73 mühafizə orderi verilib. Mühafizə orderinin 4-ü uzunmüddətli, 69-u isə qısamüddətli olub. Əslində müraciətlərin sayı daha çox olub. “ İcra haqqında ” qanunun 7-ci maddəsinin tələblərinə cavab vermədiyindən qaytarılıb.

Sığınacaqlar bələdiyyə sistemlərinin nəzdində də yaranmalıdır

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova mühafizə orderinin alınmasından sonrakı prosesin nəticəsiz qalması qənaətindədir: "Mühafizə orderi verilsə belə, əsas məsələ bunun nə qədər təsirli olması ilə bağlıdır. Təcrübə göstərir ki, qanunun olması, mühafizə orderinin verilməsi hələ zorakılığın qarşısının alınması demək deyil. İcra orqanı hər hansı formada bu orderdə nəzərdə tutulan işləri reallaşdıra bilmir. İndiyədək eşitməmişəm ki, ölkəmizdə mühafizə orderi verilən şəxsin yaşadığı evdən kimsə uzaqlaşdırılıb. İndi icra hakimiyyəti 1 ay və ya 3 aylıq mühafizə orderi verir, bu müddətdə zorakılıq törədən şəxs sakit dayanır, elə ki, vaxt bitdi, yenidən öz əməlinə başlayır. Ona görə də bu istiqamətdə ciddi sürətdə dəyişiklik lazımdır. Yəni yalnız qurbanın müraciəti ilə mühafizə orderinə xitam verilməlidir. Mehriban Zeynalova bu səbəbdən mühafizə orderinin verilməsində müsbət tərəf görmür. Çünki mühafizə orderi Avropadan gəlmiş bir tendensiyadır və bu, kiçik ailələr üçündür. Bizdə isə böyük ailələrdir - qayınata, qayınana, baba, nənə, qayın, baldız, əmi, dayı... Təsəvvür edin mühafizə orderini tətbiq edəndən sonra zərərçəkən qadın o böyük ailə içərisində nə qədər təhlükəsiz yaşayacaq? Əgər mühafizə orderinin verilməsinin bizim cəmiyyətdə effekti yoxdursa, bunu tətbiq etməyin nə mənası var? Mühafizə orderi bizim cəmiyyət, Azərbaycan ailə modeli üçün yararsızdır. Qanunlar yazılarkən onların mövcud cəmiyyətə tətbiqini də nəzərə almaq lazımdır. Bəli, məişət zorakılığının qarşısının alınmasında, qurbanların müdafiəsi və onlara yardımın göstərilməsində, zorakılıq hallarının təqib edilməsi və cəzalandırılmasında problemlər var. Əhali yerli icra hakimiyyəti orqanlarının məişət zorakılığı ilə mübarizə sahəsində geniş səlahiyyətlərə malik olmasından məlumatsızdır. Bir çox qadın məsələnin hüquqi tərəfinin olduğunu və bu tərəfin işə yarayacağını da ağıllarına gətirmirlər. Ona görə də məişət zorakılığından zərərçəkmişlərə verilən qısamüddətli və uzunmüddətli mühafizə orderinin sayı olduqca azdır. Mühafizə orderi haqqında maarifləndirici yazılar hazırlanmalı və sosial çarxlar çəkilməlidir. Bu orderin varlığı ancaq bu şəkildə qadınlara çatdırıla bilər.

Düşünürəm ki, mühafizə orderi əvəzinə sosial işin təşkili və məcburi psixoloji yardım məsələsi gündəmə gətirilməlidir”.

Onun sözlərinə görə, Türkiyə təcrübəsindən də faydalanmaq olar. “Türkiyənin “Bələdiyyə haqqında” qanunun 14-cü maddəsinə görə, iri şəhər bələdiyyələri (əhalisinin sayı 100 mindən artıq) qadın və uşaqlar üçün sığınma evləri açmaq məcburiyyətindədir. Ailə, Çalışma və Sosiyal Hizmətlər Nazirliyinin məlumatına görə, ümumilikdə 3 min 454 nəfərlik 144 qadın sığınmaevi fəaliyyət göstərir. Bura sığınan qadınların yerləri hər kəsdən gizlin saxlanılır ki, sabahı gün həyat yoldaşları onlara zərər yetirməsin. Azərbaycanda isə sığıncaqlar azdır, əsasən də QHT sığıncaqlarıdır.

Sığınacaqlara isə çox ehtiyac var. Beynəlxalq təcrübə göstərir ki, sığınacaqlar təkcə dövlət qurumlarının yanında deyil, həm də bələdiyyə sistemlərinin nəzdində də yaranmalıdır. Çünki belə olduğu halda zorakılıq hallarının qarşısı alınar. Deməli, bu cür sığınacaqların yaradılması həm işgəncələrə məruz qalan qadınların problemlərinin həllində önəmli rol oynaya bilər. Yəni bu bir ananın özünə iş tapması üçün bu vacibdir.

14 regionda Qadın Resurs Mərkəzi fəaliyyət göstərir

Araşdırmalar göstərir ki, məişət zorakılığının qarşısının alınmasının bir yolu da qadınların iqtisadi fəallığının artırılmasıdır. Hazırda 14 regionda Qadın Resurs Mərkəzi fəaliyyət göstərir. Məqsəd kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Bu günədək 6200-dən çox qadın üçün gender bərabərliyi və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, peşə kursları, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib və 400-dən çox biznes qurulub. 2020-ci ildən etibarən USAID-in maliyyə dəstəyi ilə bu mərkəzlərdən 9-u gender əsaslı və ya məişət zorakılığından əziyyət çəkmiş qadınlara hüquqi və psixoloji yardım təklif edir.

Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzləri “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində birgə əməkdaşlığa başlayıb. Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzlərində (QRM) məcburi köçkünlük statusu olan qadınlara kompüter, dərzilik, şirniyyat, qadın gözəllik salonu və bir sıra sahələr üzrə əyani ilkin peşə bilikləri aşılanacaq.

Qanunlar cəmiyyətin tələblərinə uyğunlaşdırılıb qəbul edilməlidir

Bu gün psixoloji, hüquqi və liderlik kimi seçilmiş sahələr üzrə xidmətlərin tədrisi istiqamətində addımlar atılır. 2020-ci il 27 noyabr tarixində ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” həyata keçirilir.

Məişət zorakılığı hallarının azaldılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlər, dəyirmi masalar, aksiyalar təşkil olunur. Artıq 860 nömrəli qaynar xəttimiz mövcuddur. Məişət zorakılığına məruz qalan şəxslər ora müraciət edirlər.

Əlbəttə, qadınların biznesə cəlbi, bir çox sahələrdə fəal olması çox sevindiricidir. Bu imkan verir ki, qadınlar iqtisadi baxımdan daha çox inkişaf etsinlər və daha da sərbəst olsunlar. Bu inkişaf da məişət zorakılığı, qızların təhsildən yayınması, erkən nikahların olması kimi halların azalmasına təsir göstərir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüquqlarını bilmələri, onların fəallığının artırılmasına imkan verir.

Bəli, bu gün elə sosial müdafiə sistemi yaradılmalıdır ki, bu məsələlərlə təkcə polis məşğul olmasın. Polisdən çəkinən, müraciət etməyə qorxan insanlar sosial işçilərə müraciət etsin. Sosial işçilər həm zorakılıq törədən, həm də zorakılığa məruz qalan şəxslə iş aparmalıdır. Hər bir halda isə qanunlar cəmiyyətin tələblərinə uyğunlaşdırılıb qəbul edilməlidir.


Pünhan Əfəndiyev

Xəbər xətti