Ukraynanın “Müxalifət platforması – Həyat uğrunda” partiyasının rəhbəri Viktor Medvedçukun ailəsinə məxsus 154 daşınar və daşınmaz əmlaka həbs qoyulub.
Bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu məlumat yayıb.
Qeyd olunur ki, müsadirə olunan əmlaklar arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta var.
Bundan başqa, benefisiar sahibi Medvedçuk və ya həyat yoldaşı Oksana Marçenko olan 25 şirkətin nizamnamə kapitalındakı paylarına da həbs şamil edilib.
Xatırladaq ki, RF Prezidenti Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk aprelin 12-də Ukraynada həbs edilib. Təhlükəsizlik Xidmətindən bildirilib ki, o, Moldovanın Dnestryanı bölgəsinə keçməyi planlaşdırıb, orada onu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları gözləyiblər. Onların planında Viktor Medvedçuku Moskvaya çatdırmaq olub, lakin bu plan Ukrayna tərəfindən pozulub.///oxu.az