Qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur

11:02 - 11 Aprel 2022 - Leykoz

Bu gün həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də mövcuddur. Əgər əvvəllər valideynlər övladlarının qohumla evlənməsinin tərəfdarı idilərsə, indi gənclərin də valideyn məcburiyyəti olmadan qohumla evlənməkdə maraqlı olduğunu görürük. Baxmayaraq ki, illərdir cəmiyyətdə belə bir fikir var ki, qohum evliliklərindən doğulan uşağın xəstə olmaq riski böyükdür. Buna bəzən bir çox nümunələr də göstərirlər.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən açıqlama verilib. Bildirilib ki, erkən və qohumlar arasında nikahın bir sıra tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları var: "Belə ki, erkən nikaha daxil olan yeniyetmə qızlar əksər hallarda öz təhsilini davam etmir və aldığı təhsil səviyyəsi ilə kifayətlənməli olurlar. Bu da onların sosial uyğunlaşma imkanlarını azaldır, inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərir.

Nəticədə işsiz gənc qadınların sayının artmasına, onların maddi cəhətdən həyat yoldaşından və ya valideynlərindən asılı olmasına gətirib çıxarır. Digər tərəfdən məişət zorakılığı hallarının artmasına və nəticədə tənha analarının sayının artmasına, psixoloji travmalara səbəb olur. Həmçinin nikaha daxil olan yeniyetmə qızın sağlamlığına da ciddi təhlükə yaranır, belə hallar uşaq və ana ölümü riskinin artması ilə nəticələnir. Sağlamlıq imkanları məhdud olan uşaqların doğulması riskinin artmasına da gətirib çıxarır.

Sosioloq Asif Bayramov deyir ki, sovet dövründə gənclərimizin ali təhsilə olan meyli nəticəsində yaxın qohumla evlilik ənənəsindən xeyli uzaqlaşmışdıq. Ancaq son on il ərzində bu ənənəyə yenidən dönüş tendensiyası hiss olunmaqdadır.

Onun sözlərinə görə, müxtəlif təbii coğrafi iqlim şəraitində böyüyən bütün bioloji orqanizmlər həmin mühitə orqanizmin adaptasiya olunması üçün xüsusi genlər hazırlayır: “Bu, artıq sırf təbii bioloji qanundur. Müxtəlif təbii coğrafi iqlim şəraitində böyüyən insanlarda fərqli təbii genetik proqram formalaşır. Əgər bu cür ayrı-ayrı insanlar ailə qurursa, yeni nəslin daha çox fərqli genlər almaq şansı artır. Qohum evliliyindən doğulan uşaqlar günümüzün xəstəliklərinə qarşı davamsız olurlar”.

 Təbii ki, birinci dərəcəli qohumlar, yəni xalaoğlu, əmioğlu, əmiqızı və s. arasında evliliklərdə əsas məsələ dölün sağlam gen götürmə ehtimalın məhdudlaşır. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar və zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəkdir. “İnsanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-ni formalaşdırır. DNT-nin funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir.  Gen səviyyəsində baş verən xəstəliklər insan cəmiyyətinin mövcud olduğu vaxtdan var. Orqanizmində xromosomlar və onların genlərində baş verən dəyişiklikləri xəstəliklərin yaranmasına sebəb olur: Hemofiliya və talassemiya bu xəstəliklərin mərkəzində dayanır. Hər iki xəstəlik irsiyyət xarakterlidir. Atadan qız uşaqlarına, anadan oğlan uşaqlarına keçir. Ailədə ata daşıyıcı, ana xəstədirsə, burada uşağın xəstə olma riski daha çoxdur. İkisindən biri sadəcə daşıyıcıdırsa, o zaman uşaq xəstə olmaya da bilər. Sevindirici haldır ki, gen daşıyıcısı olan ananın 5 uşağından 2-si sağlam ola bilər”- bunu “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyinin sədr müavini Emin Nəbili deyir.

Emin Nəbili bildirir ki, irsi xəstəliklər çoxşaxəlidir: “Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir.  Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideynlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan fiziki məhdudiyyətli uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq fiziki məhdudiyyətli olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, ya da atadır”.

Onun sözlərinə görə belə nigahlara yol verməmək məsləhət görülür. “Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə ağır patologiyalı (məsələn, talassemiya) uşaqların doğulmaması üçün, onlar müvafiq tibbi müayinədən (həmçinin genetik) keçməlidirlər.”

E.Nəbili qeyd edir ki, “Leykozlu Uşaqlara Dəstək” İB-nin “Regionlarda talassemiya və qohum nikahlarının səbəb  olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi”  adlı layihəsi çərçivəsində Mingəçevirdə tədbirdə talassemiyalı uşağın valideyninin gənclərə həyəcan dolu müraciətindən təsirləndiyini qeyd edir. Belə ki, tədbirdə iştirak edən qadın üç övladının olduğunu onlardan birinin talassemiya xəstəsi olduğunu bildirdi. O, yuxusuz gecələrindən danışaraq gənclərə müraciət edərək ailə qurarkən və ya əvvəlcədən tibbi müayinədən keçməyə bu xəstəliyin necə problemlərə səbəb olduğunu, övladının və özünün əziyyət çəkdiyini qeyd etdi.

Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar. Nəticədə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksək olur. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı artır. Beləliklə, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evliliklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur.  Göründüyü kimi qan xəstəlikləri arasında talassemiya, hemofiliya və başqa xəstəlikləri daha çox yayılıb.
Beləliklə, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur.

Qohum evliliyinə ilahiyyatçı Elşad Miri də münasibət bildirdi.  O deyir ki, dində qohumların evlənməsi ilə bağlı hər hansı bir qadağa yoxdur: “Peyğəmbərimiz öz əmisinin oğluna qızını vermişdi. Bu, qızın yox, Peyğəmbərimizin əmisi oğlu idi. Peyğəmbərimizin nəsli də onun vasitəsilə yayılıb. Amma digər tərəfdən bir məsələ gündəmə gəlib ki, evlilikdən öncə tibbi arayış tələb olunur. Bu məsələlərin həyata keçirilməsi gələcək nəsillərin daha sağlam olması üçün təkan olacaq. Qohum evliliyindən o mənada qaçmaq daha yaxşı olar ki, yeni qohumluqlar qazanmaq daha yaxşıdır”.

Maarifləndirmə işləri aparılmalıdır

Mövzu ilə bağlı professor Adil Qeybulla bildirib ki, burada əsas məqam hansı kateqoriya qohum evliliyinin olmasıdır: "Təbii ki, birinci dərəcəli qohumlar, yəni xalaoğlu, əmioğlu, əmiqızı və s. arasında evliliklərdə əsas məsələ dölün sağlam gen götürmə ehtimalın məhdudlaşır. Yəni döl hər iki valideyndən gen götürdüyünə görə yaxın qohumlarda müxtəlif xəstəliklər nəsil üzrə davam elədiyindən məsələn, şəkərli diabet, döldə onların qalma ehtimalı daha çox artır. Ona görə də yaxşı olar ki, evlənən cütlüklərin qohumluq əlaqələri olmasın. Bu, mentalitetə bağlı məsələdir. Ona görə hesab edirəm ki, bu cür məsələlər təbliğatla həyata keçirilməlidir. Yəni bunu insanlara hansısa qadağalarla etdirmək mümkün deyil. Hər halda qadağalar da dövlət səviyyəsində həyata keçirilməlidir. Ən əsası, maarifləndirmə işlərinin aparılması və insanlara qohum evliliklərin mənfi fəsadlara gətirib çıxardığını təbliğ etmək lazımdır".

Millət vəkili Musa Quliyev isə hesab edir ki, yaxın  qohumlarla evliliyə qadağa qoyulması insan hüquqlarına ziddir: “Cəmiyyətdə belə evliliklərdən qüsurlu uşaqlar doğulsa da, ancaq insanlar evlilikdən öncə genetik analizlərdən keçib bunun qarşısını ala bilərlər. Yəni qanuna dəyişiklik etməkdənsə, maarifləndirici tədbirləri artırmaq lazımdır. Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da yaxın qohumların evlənməsi halları məqbul sayılıb və kifayət qədər də geniş yayılıb. Düzdür, yaxın qohumların evliliyi zamanı genetik xəstəliklərin üzə çıxma ehtimalı yüksək olur və daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur. Bu o demək deyil ki, biz qohum evliliklərinə qadağa qoyub, kimin-kiminlə evlənməsinə qərar verməliyik? Sadəcə səhiyyə sahəsində maarifləndirici addımlar atmalı, insanlar arasındakı mədəni əlaqələri yüksəltməliyik. Onu da deyim ki, qohum evlilikərində dünyaya gələn uşaqların heç də hamısı qüsurlu olmur. Bəzən belə ailələrdə dünyaya gələn uşaqlar daha istedadlı, fiziki və əqli cəhətdən daha yüksək potensiala sahib olur. Burada əsas məsələ sağlam və xəstə genlərin kombinasiyasından gedir. Əgər hər hansı bir nəsildə xəstə gen daşıyıcıları varsa, həmin nəsildə qohum evlilikləri riskli ola bilər. Bunu ayırd etmək isə o qədər də çətin deyil. Bir neçə ildir ki, ölkədə nikaha girən şəxslərin icbari - tibbi müayinəsi həyata keçirilir. Hazırda genetik xəstəliklərin yoxlaması aparılmasa da, gələcəkdə müəyyən əlavələr etmək olar. İndiki mərhələdə öz əmisi qızı, yaxud da xalası qızı ilə evlənmək istəyənlər həkimə müraciət edərək genetik xəstəlik daşıyıcısı olub-olmadıqlarını müəyyənləşdirə bilər”.

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti