Bakıda yanacaq daşıyan avtomobil aşıb, ölənlər var - FOTO - YENİLƏNİB

17:08 - 21 Mart 2022 - HADİSƏ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.

BDYPİ-dən “Report”a bildirilib ki, hadisə saat 10:15 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb:

“Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəktdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri - “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yük maşını isə hadisə zamanı aşıb.

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır”.

15:37

Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.


Hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib.

Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb. Yük avtomobilinin sürücüsü isə ağır xəsarət alıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları müəyyən edib ki, yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükan arxasına sərxoş vəziyyətdə olub.

 


Xəbər xətti