Azərbaycan millisinin futbolçusunun üz sümüyü sınıb

13:35 - 7 Mart 2022 - HADİSƏ

“Sabah”ın yarımmüdafiəçisi Elvin Camalovun durumuna aydınlıq gəlib.

 Premyer Liqanın XVIII turunda “Keşlə” ilə qarşılaşmada zədələnən 27 yaşlı orta sahə oyunçusu bir müddət komandadan ayrı qalacaq.

Qarşılaşmanın 64-cü dəqiqəsində sifətindən zərbə alan Camalovun üz sümüyündə xətti sınıq aşkarlanıb. Milli komandamızın üzvü yalnız iki həftə sonra fərdi məşqlərə başlaya biləcək. Bu isə o deməkdir ki, Elvin qarşıdakı iki turda “Qarabağ” (12 mart) və “Səbail”lə (19 mart) matçları buraxacaq.

Bunun ardından milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq. Elvin yalnız aprelin 2-də “Sumqayıt”la XXI tur görüşündə komandasına kömək edə bilər. Onun yığmanın Malta və Latviya ilə yoldaşlıq oyunlarında iştirakı sual altına düşüb.

Qeyd edək ki, “Keşlə” – “Sabah” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.///apasport.az

Xəbər xətti