Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin qardaşı Asif Əliyev ifadə verib.
Hüquqi varisin sözlərinə görə, bacısı ona zəng edərək əri ilə yaşaya bilmədiyini və özünü öldürəcəyini deyib: "Bacım dubinka və təpiklə döyülmüşdü. Bundan sonra bir müddət bizdə qaldı. Bundan sonra İsmayılla təkbətək söhbətimiz oldu. Ona başa saldım ki, həyat belə davam edə bilməz. Bundan sonra bacım yenidən onunla getdi. Bir müddət sonra eyni ssenari yenidən yaşandı. Düzünü deyim, o ailənin sonunu yaxşı görmürdüm. Dəfn mərasimində də İsmayıl tərəfdən heç kimi görmədim. Dəfn xərclərinin hamsını anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsində yaşayırlar".
Zərərçəkmiş şəxsin qardaşı çıxışında təqsirləndirilən şəxsə qanunun imkan verdiyi ən yüksək cəzanı təyin etməyi xahiş edib.
Daha sonra prosesdə hadisə baş vermiş Nizami Rayon Polis İdarəsinin 24-cu Polis Şöbəsində təhqiqatçı köməkçisi Füzuli Qurbanov dindirilib. F.Qurbanov bildirib ki, İsmayıl Məmmədov həyat yoldaşını gülləyəndən sonra özünü öldürmək fikrində olduğunu deyib.
Proses martın 1-də davam etdiriləcək.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.///apa