Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanlıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.