“Valyuta dəyişmə məntəqələrində xarici valyutaların, o cümlədən dollar və avronun alış-satış kursu arasındakı fərqlər minimumlaşsa da, sistem əhəmiyyətli banklarda konvertasiya məzənnələri arasındakı kəskin fərq qalmaqdadır”.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, nağdsız hesablaşmalar üçün xarici valyutanı, xüsusilə də avronu kifayət qədər aşağı məzənnə ilə alan bir sıra banklar onu daha yüksək kurs ilə satırlar:
“Sistem əhəmiyyətli bir sıra banklar avronu 1,88 manat məzənnəsi ilə alır, lakin 1,95 kursu ilə təklif edir. Bu isə biznesin və xüsusilə də fərdi sahibkarların konvertasiya, yəni valyuta alqı-satqısı zamanı vəsait itirilməsinə səbəb olur. Məsələn, 100 min avronu manata çevirib yerli ödənişlərini etmək istəyən sahibkar həmin vəsaitin müqabilində 188 min manat alır. Lakin əgər sahibkar manat hesabından avro alıb ödəniş etmək istəyirsə, bu zaman 100 min avro üçün 195 min manat ödəməlidir. Deməli, yalnız 100 min avroluq alqı-satqılarda biznesin ziyanına 7 min manat fərq yaranır. Xarici şirkətlər ilə əməkdaşlıq edən sahibkarların konvertasiya əməliyyatlarının yüz milyonlar olduğunu nəzərə alsaq, fərqin necə böyük olduğunu təsəvvür etmək çətin olmaz”.
Vüqar Bayramov qeyd edir ki, əslində, konvertasiya məzənnələri arasındakı kəskin fərq sistem əhəmiyyətli bankların sektordakı aparıcı mövqelərindən istifadə kimi də xarakterizə olunmalıdır:
“Bu məsələnin Mərkəzi Bank tərəfindən tənzimlənməsinə ehtiyac var. Mərkəzi Bankın liberal iqtisadiyyat prinsiplərinə uyğun valyuta konvertasiyası ilə bağlı yeni qaydalar müəyyənləşdirməsi məqsədəuyğun olardı. Bank sektorundakı rəqabətin daha da gücləndirilməsi də bu tip halların minimumlaşdırılmasına səbəb ola bilər”.