DYP bir ailənin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbini açıqladı
19:54 - 20 Fevral 2022 - HADİSƏ
Dövlət Yol Polisi İdarəsi ötən həftə Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasının ilkin səbəbini açıqlayıb.
İdarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev “Report”a bildirib ki, qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır: “Düzdür, Bakı-Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu, bir günə, bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir".
“Həmin qəzada bir sıra digər amillər də var. Belə ki, qəzaya düşən şəxslərin yaxınları vəfat etdiyi üçün tələsik yola çıxıblar. Ailənin vəziyyəti, həm stress və həyəcan, həm də yüksək sürət həddi qəzanın baş verməsinə təsir göstərib. Təhlükəsizlik kəmərinin taxılmaması da hadisənin nəticəsini ağırlaşdırıb. Təbii ki, bunlar hamısı ilkin ehtimallardır, hadisə ilə bağlı hələ istintaq gedir. Yol polisi dəfələrlə sürücülərə müraciət edərək mənzil başına tez yox, sağ-salamat çatmaq üçün qaydalara riayət etməyə çağırıb. Bir daha bildiririk ki, ilk növbədə özümüzün və yaxınlarımızın həyatını düşünərək addım atmalıyıq" – o vurğulayıb.