Vergi Məcəlləsində bank hesabları barədə məlumatların vergi orqanına təqdim edilməsi ilə bağlı edilmiş dəyişiklik bütün vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatların banklar tərəfindən vergi orqanına təqdim edilməsini nəzərdə tutur.
Dövlət Vergi Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 1 yanvar 2020-ci ildən etibarən ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab olunduğundan səmərəli vergi nəzarəti mexanizminin qurulması məqsədilə ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların aylıq olaraq əldə edilməsi həyata keçirilir.
"Növbəti addım olaraq isə kölgə iqtisadiyyatının həcminin azaldılması istiqamətində vergi orqanları tərəfindən aparılan nəzarət tədbirlərinin effektivliyinin artırılması məqsədilə yalnız ƏDV ödəyicilərinin deyil, bütün vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış bank hesabları barədə məlumatlar banklar tərəfindən vergi orqanına təqdim ediləcək", - Dövlət Xidmətindən bildirilib.
Belə ki, bank hesabları barədə məlumatların əldə olunmasının əsas məqsədlərindən biri bank hesabları üzrə daxil olan və vergi ödəyicisinin fəaliyyəti barədə mənbəyi bəlli olan məlumatlar əsasında vergi orqanı tərəfindən vergi ödəyicilərinin vergi öhdəliyinin düzgün müəyyən edilməsi və vergidən yayınma hallarının qarşısının alınmasıdır.