Cari ilin 4 fevral tarixində Prezident İlham Əliyev Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakı zamanı çıxış edib.
Cənab Prezident bildirmişdir ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq səmərəli çalışmışdır. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynadılar.
Məlumdur ki, Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları olan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı öz töhfələrini verib.
Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.
Bildiyiniz kimi yeni bazarlarda Azərbaycan qazına böyük ehtiyac vardır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər getdikcə artmaqdadır.
Hamıya məlumdur ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr. Ən böyük yataq “Şahdəniz”dir - bir trilyon kubmetr. Texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Digər layihələr üzərində də iş gedir. Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq.Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilərimiz vardır.
Ölkəmizdə əhalinin sayının artması ilə əlaqədar daxili tələbatımız da artmışdır. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb.
İşğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac var. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir.
Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlanıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir.
Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir.
Bizim ölkəmizin elektrik enerjisinə regional bazarda da ehtiyac vardır. Bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm getdikcə artır. artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.
Eyni zamanda, Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqram vardır. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınmışdır. Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi və etibarlı tərəfdaş kimi sübut edib.